BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
53117

Azərbaycanlı gənc Murad Qurbanov magistr təhsili üçün dünya reytinqinin ən yaxşıları sırasında olan 8 universitetdən qəbul alıb. Onun seçimi dünyanın TOP 10 universitetindən biri olan University of California, Berkeley-də Beynəlxalq hüquq ixtisası (LLM in international law) üzrə olub. O, dövlət tərəfindən 2024-2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün nəzərdə turulmuş Dövlət Proqramı” çərçivəsində təhsil alacaq. Valyuta.az olaraq M.Qurbanovla bu uğuru və gələcəkdə görmək istədiyi işlər barəsində danışdıq.

Qeyd edək ki, M.Qurbanov orta məktəbdə də əlaçı şagird olub, 648 bal yığaraq ADA Universitetinin hüquq fakültəsinə qəbul olub. Bakalavr təhsilini ortalama 3.84 GPA ilə başa vuraraq universiteti fərqlənmə diplomu ilə bitirib.

- Murad bəy, ilk olaraq orta məktəb illərində yaxşı oxumağınızdan danışaq. Kimində valideyn amili önə keçir, kimdə müəllimlərin rolu olur, bəzən isə şagirdin özünün oxumağa həvəsi olur. Sizdə əsas qüvvə hansı idi?

- Mən hər bir uğurun təməlinin başlanğıcdan irəli gəldiyinə inanan biriyəm. Məktəb dövründə müəllimlərimin göstərdiyi qayğı və diqqətin mənim indiki uğurumda böyük rolu olub. Potensiallı gənclərin potensialının hələ şagirdlik dövründə ortaya çıxarılmasında onların payının çox olduğunu düşünürəm.

- Bakalavr təhsilinizi hüquq sahəsində almısınız, magistr təhsilinizi də bu istiqamətdə davam edəcəksiniz. Bəs bu ixtisası seçməyinizdə səbəb nə idi? 

- Hüquq ixtisası mənim üçün hər zaman əvəzolunmaz sahə olub. İstər sosial-iqtisadi, istərsə də siyasi inkişafın hüquq sisteminin inkişafı ilə əlaqədar olduğunu düşünürəm. Məhz bu səbəbdən özümü daim peşəkar hüquqşünas kimi yetişdirməyə çalışmışam. Hüquq fakültəsini seçməmdə bir neçə faktor rol oynadı. Ən önəmli faktorlardan biri isə ADA Universitetinin hüquq fakültə heyəti və beynəlxalq təcrübəni tətbiq edən yenilikçi hüquq təhsili verməsi idi. Məhz bu seçim bu gün mənim dünyanın top 10 universitetindən biri olan Berkeley-ə qəbul olmağımda mühüm rol oynayıb. 

- Xarici universitetlərə magistr təhsili üçün qəbulda sizin bakalavr dövrünü necə keçirməyinizə də baxırlar. Bakalavr dönəmində hansı layihələrdə iştirak etmisiniz?

- Təhsil aldığım müddət ərzində Almaniyanın Martin-Luther Universitetində bir semestrlik “Erasmus+” təqaüdü vasitəsilə hüquq təhsili almışam. Akademik göstəricilərimlə yanaşı, kurrikulumdan kənar fəaliyyətlərdə də aktiv məşğul idim. Belə ki, Helga-Pedersen beynəlxalq məhkəmə simulyasında iştirak etmiş, bir sıra qurumlarda hüquq təcrübəçisi olmuşam. Bundan başqa Avropa Hüquq Tələbələri Assosiasiyası (ELSA) tərəfindən təşkil olunan insan hüquqlarına dair Helga Pedersen məhkəmə simulyasıyasının Azərbaycan və ADA universiteti üzrə təmsilçi iştirakçılarından biri kimi seçilmişəm. Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq yarışında iştirak etmişəm. Yarış 2 mərhələdən ibarət idi. Hüquqi memorandumun yazılması və şifahi çıxışların həyata keçirilməsi formasında keçirilmişdi. Müxtəlif dövrlərdə məhkəmə, prokurorluq, vergi və digər aidiyyatı qurumların hüquq şöbələrində təcrübəçi olmuşam.

- Bəzən deyirlər ki, universitetə qəbul olanda topladığınız balın əhəmiyyəti yoxdur. Əsas olan universitet vaxtında öz üzərinizdə çalışmağınızdır.

- Təbii ki, qəbul balı ilk növbədə hər bir kəsin istədiyi ixtisasa yiyələnməsinə imkan verən əsas vasitədir. Lakin, bundan əlavə düşünürəm ki, yüksək akademik göstəricilər tələbənin mükəmməliyyətçi xarakterindən xəbər verir. Yəni, bu kimi tələbələr daim hər şeyin ən yaxşısına sahib olmağa çalışırlar. Mən də özümü bu kateqoriya insanlardan biri kimi hesab edirəm. Uğurun əsas açarını da məhz bu xüsusiyyətdə görürəm.

- Bildiyimiz kimi, dövlət proqramı ilə xaricdə təqaüdlə təhsil alacaqsınız. Bu təqaüdün məbləği nə qədərdir?

- Magistr dərəcəsi üzrə alacağım hüquq təhsilinin (LL.M.) müddəti 1 ildir. Yəni, dövlət proqramı çərçivəsində mənə təklif edilən ümumi təqaüdün miqdarı təqribən 110 min ABŞ dolları məbləğindədir. Dövlət təqaüdü illik 79 min dollar həcmində təhsil haqqımı qarşılayır. Bundan əlavə, aylıq 1 800 yüz dollar məbləğində təqaüd təklif edir. Bundan əlavə, çəkilən nəqliyyat, viza xərcləri, sığorta haqları da dövlət proqramı çərçivəsində qarşılanır.

- Sahənizlə bağlı gələcək planlarınız nələrdir?

- Gələcəkdə də hüquq sahəsi üzrə fəaliyyətimi davam etdirməyi planlayıram. Dövlət Proqramının iştirakçısı olaraq öhdəliyim var ki, magistr təhsilimi başa vurduqdan sonra 2 ay ərzində ölkəyə qayıdım və 5 il ərzində əmək fəaliyyəti ilə məşğul olum. Lakin, bunu özüm üçün bir məhdudiyyət olaraq görmürəm, əksinə, bu mənim Berkeley hüquq məktəbində əldə edəcəyim bilik və bacarıqlarımın Azərbaycan hüquq sisteminə töhfə vermək üçün istifadə edilməsi hədəfimlə tam olaraq üst-üstə düşür. Hesab edirəm ki, mənim kimi digər prestijli xarici univeristetlərə də qəbul olan tələbələrin ilkin hədəfi məhz bundan ibarət olmalıdır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin