Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət
Varren Buffett (Warren Buffett) vəfatından sonra sərvətinin necə bölüşdürüləcəyinə dair ətraflı planını açıqlayıb və öz sərvətini bağışlamağa davam edəcəyini bildirib.
Valyuta.Az "CNN"ə istinadən xəbər verir ki, "Berkshire Hathaway" şirkətinin 94 yaşlı baş direktoru və tanınmış investor səhmdarlara məktubunda həyatın faniliyi haqqında düşüncələrini bölüşüb. O qeyd edib ki, vaxtilə mərhum həyat yoldaşı Suzanın (Susan) ondan sonra yaşamasını və sərvətlərinin necə bölüşdürüləcəyinə qərar verməsini arzulayıb.
“Zaman qarşısında hər kəs məğlub olur,” Buffett yazıb. “Amma zaman bəzən dəyişkən, hətta zalım ola bilər – bəzən həyatı doğuşda və ya qısa müddət sonra sona çatdırır, bəzən isə bir əsr gözləyir. Bu günədək çox şanslı olmuşam, amma bir gün zaman mənim də qapımı döyəcək".
1,300 sözə yaxın məktubunda Buffett bildirib ki, sərvətinin hansı xeyriyyəçilik işlərinə sərf ediləcəyinə övladlarının – Suzi (Susie), Hovard (Howard) və Piter (Peter) Buffettin – qərar verməsini ümid edir. Buffett vəfat etdikdən sonra, bu məsuliyyətlə övladları birlikdə qərar verəcəklər.
Ancaq əgər övladları sərvətinin taleyini müəyyən edə bilməzsə, Buffett üç potensial varis təyin edib. Onların adlarını məktubda açıqlamayıb.
HƏMÇİNİN OXU: Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram"
“2006-cı il öhdəliyimdən bu yana övladlarımın gözlənilən ömür müddəti əhəmiyyətli dərəcədə azalıb” - Buffett yazıb. “Heç vaxt sülalə yaratmaq və ya övladlarımdan kənara uzanan bir plan həyata keçirmək istəməmişəm”.
Buffett həmçinin 1,600 “Class A” səhmini az səsvermə hüququ olan 2,4 milyon “Class B” səhminə çevirəcəyini açıqlayıb. Bu səhmlərdən 1,5 milyonu mərhum həyat yoldaşının adını daşıyan "Suzan Tompson Buffett Fondu"na, 300,000-i isə övladlarının rəhbərlik etdiyi üç digər fonda bağışlanacaq. Bu səhmlərin ümumi dəyəri təxminən 1,2 milyard dollar təşkil edir.
Bu ianələr Buffettin hər il ailə fondlarına və "Bill və Melinda Qeyts Fondu"na etdiyi illik ianələrə əlavə olaraq edilir. 2006-cı ildən bəri Buffett öz sərvətini tədricən bağışlamağa söz verib. "Bloomberg"in məlumatına görə, Buffettin sərvəti hazırda təxminən 150 milyard dollar təşkil edir və o, qalan hissəsini vəfatından sonra bağışlamaq niyyətindədir.
Buffett, həmçinin ömrünün sona çatma ehtimalı olan valideynlərə də var-dövlətlərinin planlama tövsiyəsi verib:
“Uşaqlarınız yetkinlik yaşına çatdıqda vəsiyyətnamənizi imzalamadan əvvəl onlara oxudun,” o yazıb. “Hər bir uşağın qərarlarınızın məntiqini və vəfatınızdan sonra qarşılaşacaqları məsuliyyətləri başa düşdüyünə əmin olun.”
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay