Stiv Cobsun həyatı, uğura aparan hekayəsi - O necə texnologiya dahisi oldu? (FOTO) - SƏHƏR OXUSU
Hər kəs onu texnologiya nəhəngi “Apple”ın qurucusu kimi tanıyır.
O, şirkətin qurucusu olmaqla bərabər həm də çox böyük ticari, texnoloji yeniliklərə imza atan, biznes dünyasının nüfuzlu şəxslərindən biri idi.
Texnologiya ilə maraqlanan çox insan heç olmasa bir dəfə də olsa onun adını eşidib. Stiv Cobs 55 illik ömrünə bir çox texnoloji yeniliklərin yaranmasını sığdırıb.
Bəs əslində Stiv Cobs kimdir?
Valyuta.az qısa və uğurlu həyat hekayəsi olan Stiv Cobs haqqında məlumatları təqdim edir:
Stiv Cobs "Macintosh", "iMac", "iPod", "iPad" və "iPhone" kimi inqilabi texnologiyaların yaradıcısı olan "Apple" şirkətinin həmtəsisçisi və uzaqgörən idarə heyəti sədri idi.
O, eyni zamanda "Oyuncaq Hekayəsi" və "Nemo" kimi məşhur animasiya filmlərinin istehsalçısı və böyük uğur qazanan "Pixar Animasiya Studiyaları"nın da qurucusu idi. Cobs yalnız texnologiya sahəsində deyil, həm də insanların hansı filmləri izləyəcəyini, musiqini necə dinləyəcəyini və necə daha məhsuldar və kreativ şəkildə işləyə biləcəyini göstərən bir rəhbər idi. Baxmayaraq ki, Cobs heç vaxt oturub birbaşa kompüter dizayn etməyib, lakin onun sayəsində "Apple" məhsulları daha fərqli və cazibədar görünməyə başlayıb. "Macintosh" vasitəsilə kompüter siçanı gündəlik həyatımıza daxil oldu. "iPod" öz toxunma əsaslı təkər formalı idarəetmə düyməsi ilə geniş rəğbət qazandı və "iPhone" inkişaf etmiş toxunma ekranları ilə insanların diqqətini cəlb etdi. Cobs "Mac" kompüterləri ilə Microsoft proqram təminatlı kompüterlərin fərqliliyini vurğulamış və "Apple"ı dünyada ən böyük şirkətlərdən birinə çevirmişdi. Bununla yanaşı, şirkətin yaradıcılıq və müstəqillik imicini qorumağa çalışırdı.
Bir dəfə Bill Qeyts barədə zarafatla belə demişdi: "Ona hər şeyin ən yaxşısını arzulayıram, amma kaş ki, həyatının bir nöqtəsində LSD qəbul etməyi dayandırsaydı və tənhalıqda bir az vaxt keçirsəydi". Cobsun uğura aparan yolu və düşüncə tərzi Stiv Cobs istehlakçıların davranışlarına da təsir etdi, onlara "Apple" məhsulları ilə bir növ seçkin klubun üzvləri kimi hiss yaratdı. Baxmayaraq ki, bəzən bu məhsullar bazardakı digər məhsullardan çox fərqlənmirdi, bu nüfuz Cobsun gələcəyi qabaqcadan görmə qabiliyyətinin bir hissəsi idi və onun həyat fəlsəfəsinə çevrilmişdi.
Fəlsəfəsini hokey oyunu ilə belə izah etmişdi: "Topun harada olduğuna görə deyil, hara gedəcəyinə görə oynayıram".
Texnologiya həvəskarları və sahibkarlar arasında bir dahi olaraq tanınan Cobs yalnız "Apple"ın arxasındakı şəxs deyildi, həm də "Mac" fəlsəfəsinin lideri idi. O, hər dəfə yeni məhsullarını tanıtmaq üçün "MacWorld" tədbirlərində qara boğazlı köynəyi, cins şalvarı və idman ayaqqabıları ilə səhnəyə çıxır və insanlara "Apple"ın yeni cihazları vasitəsilə texnologiyada qurtuluş mesajını çatdırırdı.
Cobsun həyatı
Doğumundan yüksəlişinə, uğursuzluqlarından möcüzəvi dönüşünə qədər – bəzən bəzi "Apple" fanatları tərəfindən İsa peyğəmbərin həyatı ilə müqayisə olunub. Ancaq daha sadə ifadə ilə desək, onun həyatı hələ də Amerikan yuxusunun gerçəkləşdiyini sübut edir. Cobs 24 fevral 1954-cü ildə suriyalı ata və amerikalı ananın övladı olaraq dünyaya gəlib. Anası onu övladlığa vermək üçün San-Fransiskoya gətirib. Kaliforniyada yaşayan mavi yaxalı bir ailə olan Paul və Klara Cobs onu övladlığa götürüb və ona Stiven Paul adını verib.
Cobs Kaliforniyanın Cupertino şəhərində orta təhsilini tamamladıqdan sonra Oregon ştatının Portland şəhərindəki Reed Kollecində təhsil almağa başlayıb, lakin qısa müddət sonra məktəbi yarımçıq qoyub. Kaliforniyaya geri döndükdən sonra Hindistana edəcəyi “mənəvi axtarış” səfəri üçün pul toplamaq məqsədilə video oyun şirkəti olan "Atari"də işə başlayıb. Hindistandan qayıtdıqdan sonra buddist və vegeterian olub, halüsinojenik maddələrdən istifadə etməyə başlayıb.
Amerikaya döndükdən sonra "Atari"də işinə davam edib və "Breakout" adlı oyun üçün daha kompakt bir dövrə kartı dizayn etmək tapşırığını alıb. Dövrə kartı dizaynının incəliklərini öyrənməyə çox həvəsli olmadığı üçün 16 yaşlı dostu Stiv Voznyakı bu işi yerinə yetirməyə razı salıb. Voznyaka veriləcək mükafatı yarıbayarı bölməyi təklif edən Cobs, "Atari"dən 5000 dollar alıb, lakin mükafatın cəmi 600 dollar olduğunu deyərək Voznyaka yalnız 300 dollar verib.
1976-cı ildə Voznyak Jobs'a öz istifadəsi üçün yaratdığı bir kompüterdən bəhs edib. Bu kompüter Cobsın marağını çəkdiyindən, o, məhsulun satışını təklif edib. Onların heç bir sərmayəsi olmasa da, Cobs dahiyanə bir ideya ilə yaxınlıqdakı bir dükanı 50 kompüter almağa razı salıb və elektrikçidən hissələri birləşdirə bilmələri üçün 30 günlük kredit istəyiblər. Heç bir investora ehtiyac duymadan öz işlərini qurublar. Şirkətlərinə "Apple Computers" adını verən bu cütlük ilk məhsulları "Apple 1"i bazara çıxarıb. Bir il sonra isə daha inkişaf etmiş versiyası "Apple 2" böyük uğur qazanıb və 1980-ci ildə şirkət səhmlərini bazara çıxararaq multimilyoner olublar.
"Apple"ın uğurları ilə Stiv Cobsun adı da məşhurlaşmağa başlayıb. O, Joan Baez ilə münasibətdə olub və Kaliforniya qubernatoru Cerri Braun ilə yaxın dost idi. Lakin 23 yaşında sevgilisindən bir qızı dünyaya gəldikdə, Cobs üçün çətin günlər başlayıb. Maddi imkanı olmasına baxmayaraq, Cobs qızını qəbul etməyib və qızın anası dövlət yardımı almağa məcbur qalıb. Hətta bir dəfə notariusdan aldığı sənəddə “sonsuz” olduğunu, dolayısı ilə ata ola bilməyəcəyini iddia edib.
Uğurlu bir şirkəti idarə etməyin gərginliyi bir müddət sonra özünü göstərməyə başlayıb. İşçilər, Cobsun daim onları nəzarətdə saxlayaraq təzyiq göstərdiyindən şikayətlənməyə başlayıblar və o da daha təcrübəli bir rəhbərə ehtiyac duyduqlarının fərqinə varıb. 1983-cü ildə "PepsiCo"nun baş direktoru Con Skalli "Apple" şirkətinin idarə heyətinin sədri olub. Cobs Skallini razı salmaq üçün ona belə deyib: “Ömrünün qalan hissəsini çox şəkərli su sataraq keçirmək istəyirsən, yoxsa dünyanı dəyişmək üçün işləmək?” İki il sonra şirkət ilk ticarət uğuru qazanan kiçik kompüter olan "Macintosh"u bazara çıxarıb. Bu kompüter “qrafik istifadəçi interfeysi” ilə çalışırdı.
Lakin şirkətdəki maraq toqquşmaları həll edilməyib və idarə heyəti 1985-ci ildə Cobsu (Skalli ona Leon Trotski ilə müqayisə edərdi) istefa verməyə məcbur edib. O, tam 12 il Apple ilə bütün əlaqələrini kəsərək yaşayıb.
Bu müddət ərzində Cobs, "Next Computing" adlı şirkəti qurdu və "Ulduz Müharibələri" filminin rejissoru Corc Lukasdan daha sonra "Pixar" adını alacaq bir şirkəti satın aldı. "Next Computing" texnologiya həvəskarlarının xəyalı idi. İnternet səhifəsinin proqram təminatını Tim Berners-Li yazsa da, şirkət uğur qazana bilmədi. "Pixar" da 1995-ci ilə qədər gözlənilən uğuru əldə edə bilmədi. 1995-ci ildə "Disney"lə bir neçə animasiya filmi çəkmək üçün müqavilə imzaladılar və bu filmlərdən ilki böyük uğur qazanan "Oyuncaq Hekayəsi" oldu. "Pixar"ın səhmləri bazara çıxarıldıqdan sonra Cobs milyonçu oldu. Sonrakı on il ərzində studiya "Bir Böcəyin Həyatı" (1998), "Oyuncaq Hekayəsi 2" (1999), "Sevimli Canavarlar" (2001), "Nemo" (2003) və "İnanılmaz Ailə" (2004) kimi çox bəyənilən bir çox filmlərə imza atdı.
2006-cı ildə "Disney" şirkəti 7,4 milyard dollara "Pixar"ı satın aldı. Cobs, təxminən 7 faizlik payla "Disney"in təkbaşına ən böyük səhmdarına çevrildi.
1987-ci ildə xatirələrini nəşr etdirən Con Skalli, Cobsun "Apple"ı yüksək texnologiyalı istehlak məhsulları istehsal edən bir şirkətə çevirmə xəyalını “ağlasığmaz bir plan” kimi xarakterizə etmişdi. "Apple"da bu vizionu rədd edərək Cobsu kənarda qoymuşdular. 1997-ci ildə şirkət bir rüb ərzində 736 milyon dollar zərər etdi. İdarə heyətinin innovativ ideyaların qarşısını alması və korporativ atmosferin rəqabətli bazarda mübarizə aparan bir şirkətdən çox bir tələbə yataqxanasını xatırlatması vəziyyəti daha da gərginləşdirdi.
Cobsun "Pixar"dakı uğurları sayəsində insanlar onun gələcək texnologiyaları proqnozlaşdırma bacarığını bir daha xatırladı. 1997-ci ildə Cobs "Apple"ı "Next" şirkətini satın almağa razı saldı. Bu razılaşma ilə "Apple" yalnız "Nextstep" adlı perspektivli əməliyyat sistemini deyil, həm də Cobsun özünü də geri qaytardı.
Cobs istehlakçılara inanırdı və haqlı olduğunu sübut etdi.
Bir il ərzində şirkət yenidən yüksəlişə keçdi. 1998-ci ildə "iMac" kompüteri bazara çıxdı, ardından 2001-ci ildə minimalist dizaynı ilə diqqət çəkən rəqəmsal musiqi pleyeri "iPod" və rəqəmsal musiqi mağazası "iTunes" gəldi. 2007-ci ildə mobil telefon sektoruna daxil olan "Apple"; telefon, "iPod" və internet cihazını müasir bir dizaynla birləşdirən "iPhone"u bazara təqdim etdi.
Daha sonra klaviaturasız bir planşet olan "iPad" bazara çıxdı. Lakin həmin dövrdə son illərin ən ciddi iqtisadi böhranı yaşanırdı və bir çox şirkətin rəqabət apardığı bu bazar ağır sarsıntılara məruz qalmışdı. Bu şəraitdə "iPad"ə tələbat olub-olmayacağı ilə bağlı çoxlu suallar vardı. Cobs bir daha insanları təəccübləndirərək məhsulu ən çox satılanlar siyahısına daxil etdi.
Cobsun hamı tərəfindən sevilmədiyi bir gerçəkdir. O, kobud idi, rəqiblərinə qarşı amansız davranırdı və Bill Qeyts kimi şəxslərdən fərqli olaraq heç vaxt şirkətdə birbaşa məsuliyyət daşımaq istəmirdi. "Mercedes" markalı avtomobilini həmişə əlillər üçün nəzərdə tutulan yerdə park edirdi və 1997-ci ildə şirkətə geri döndükdən sonra etdiyi ilk işlərdən biri də şirkətin həyata keçirdiyi bütün sosial məsuliyyət layihələrini ləğv etmək oldu.
Cobsun idarəçilik üslubu buddist təlimlərdən çox Corc Oruellin yazdıqlarına bənzəyirdi. Səlahiyyət yaratmaq korporativ həyatın bir parçası idi və Cobs mətbuat məsələsində də olduqca sərt idi.
Bir jurnalist onunla müsahibə aparmağın, Səddam Hüseynlə müsahibə aparmaq qədər çətin olduğunu, aralarındakı tək fərqin isə Səddamın daha yardımsevər və mütləq şəkildə daha nəzakətli olacağını deyib.
Cobsun idarəçilik üslubu olduqca fərqli idi. Bəzən qəzəblə qışqırırdı, bəzən isə hər kəsə xoş gəlməyə çalışırdı. O, insanlar haqqında ya "dahi", ya da “geridə qalmış” fikrində idi. Yaxın ətrafındakı insanlar da onun düşüncəsində bir kateqoriyadan digərinə asanlıqla keçə biləcəklərinin fərqində idilər. Onlar üçün bu vəziyyət "dahi" və “geridə qalmış” nöqtələri arasında sürətli bir tuneldə gedib-gəlmək kimi idi. İşçilər onunla liftdə tək qalmaqdan çox qorxurdular, çünki bir şəkildə çölə çıxdıqda işlərini itirəcəklərini düşünürdülər.
Yüksək səviyyəli rəhbərlərdən biri Cobsla iclasa girmədən əvvəl özünü arenaya girən öküz döyüşçüsü kimi hiss etdiyini söyləmişdi.
Cobsın yaxın ətrafı isə bütün bunlara baxmayaraq onunla işləməkdən həzz alırdı. Onları yanında saxlamaq üçün vəzifə təzminatı əvəzinə onlara səhmlərdən pay almaq hüququ vermişdi. Lakin Cobs, gözlənildiyi kimi davranaraq oyunu öz qaydalarına uyğun oynamışdı.
2006-cı ildə şirkət "Goldman Sachs"ı geridə qoyaraq bazar dəyərini 108 milyard dollara çatdırdı. Şirkət bir rüb ərzində yenidən mənfəət rekordunu qırdığını elan etdikdən sonra, avqust 2011-ci ildə 337 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən böyük şirkətinə çevrildi.
Lakin bu korporativ dönüş nöqtəsinə çatdıqdan bir neçə gün sonra Cobs, sağlamlıq problemlərinə görə istefa verdi. O, 2004-cü ildə nadir rast gəlinən pankreas xərçənginə tutulduğunu və əməliyyatdan sonra sağaldığını elan etmişdi. 2008-ci ilin dekabrında on iki il fasiləsiz iştirak etdiyi "Macworld" toplantısında iştirak etməyəcəyi açıqlandıqda sağlamlığı ilə bağlı şayiələr yayılmağa başladı.
Hər kəs onun səhhəti ilə bağlı fərziyyələr irəli sürürdü. "Apple"ın bu barədə susması isə bu çılğınlığı daha da artırdı. Cobs, 2009-cu ilin yanvarında xəstəlik məzuniyyətinə çıxdıqda şirkət xəstəliyinin nə olduğu barədə heç bir açıqlama vermədi. Nəticədə xərçəngin təkrarlanması barədə şayiələr dolaşmağa başladı. Həmin ilin iyun ayında "Wall Street Journal" qəzeti Cobsın orqan transplantasiyası keçirdiyini yazdı. Həqiqətlər ortaya çıxdıqda belə "Apple" xəstəliklə bağlı çox az məlumat verdi. Şirkətin sözçüsü qısaca, “Stiv, iyun ayının sonunda qayıtmağı planlaşdırır, bu barədə başqa deyiləcək bir şey yoxdur” açıqlamasını etdi.
Cobs hər dəfə cəmiyyət qarşısına çıxanda pərəstişkarlarının diqqətli nəzarəti altında olurdu. Nə vaxt halsız və zəif görünsə, birjada səhmlər düşürdü, çünki onun varlığı şirkətin ayaqda durmasını təmin edirdi. 2011-ci ilin ilk yarısında yalnız bir neçə dəfə göründü. İyulun 24-də isə istefa verdiyini və yerinə şirkəti onun yoxluğunda idarə edən Tim Kukun keçdiyini açıqladı. Bu xəbərin ardınca "Apple"ın səhmləri dərhal 5 faiz düşdü.
Cobs 5 oktyabr 2011-ci ildə, 55 yaşında dünyasını dəyişdi.
Stiv Cobs 1991-ci ildə buddizm qaydalarına uyğun olaraq Loren Pauel ilə evləndi. Ondan uzun yaşayan üç övladı və əvvəlki sevgilisindən bir qızı var idi.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay