Xarici valyuta ölkəyə bu qaydalarla gətirilə, milli valyuta belə şərtlərlə çıxarıla bilər - Qaydalar
Azərbaycan Respublikasına xarici valyuta rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən gömrük qaydalarına uyğun olaraq məhdudiyyət olmadan gətirilə bilər.
Xarici valyutanın ölkə ərazisinə gətirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 11-ci maddələrinə uyğun olaraq tənzimlənir.
Valyuta.az xəbər verir ki, xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və çıxarılması qaydaları aşağıdakı kimi tənzimlənir:
- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.
- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50 000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
- Yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları isə aşağıdakı qaydalara uyğun tənzimlənir:
- Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
- Rezident və qeyri-rezident fiziki şəxslər 20 000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
- Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay