Zamanınızın qiyməti nə qədərdir?
Biznes və strateji idarəetmə üzrə konsultant Seymur İlyasovun "Sənayenilənmə" romanından...
"Zavodlardan ikisini gəzmişdik. Uzun sürən texniki gəzintilərdən sonra ofisə gəldik. İclas salonunda dəyirmi masa vardı və masaların arxa tərəfindəki divarda “Ferrari” firmasına məxsus yarış avtomobillərinin şəkilləri sərgilənirdi. Səbəbini soruşduq və həmin avtomobillərin motorlarını məhz bu firmanın istehsal etdiyini öyrəndik. Bir fincan qəhvə içdikdən sonra salona təxminən yetmiş yaşlarında bir şəxs daxil oldu. Cibindən vizit kartını çıxarıb özünü təqdim etdi. Vəzifəsi “Satış üzrə menecer” yazılmışdı. Olduqca müdrik bir şəxsə bənzəyirdi. Çox qısa danışdı və “Sizə ayırdığım iyirmi yeddi dəqiqəm sona çatdığı üçün üzr istəyirəm”, - deyərək salondan çıxıb getdi.
Salonu tərk etdikdən sonra onun yeddi mindən artıq işçiyə rəhbərlik etdiyini bildirdilər. Amma bu şəxs o qədər təvazökar bir insan idi ki, kartına kiçik hərflərlə “menecer” yazdırmışdı. Qısa söhbət əsnasında “Yaponlar üçün zaman məfhumu çox önəmlidir” - demişdi. Açıqlamasında isə Türkiyədə başına gələn bir hadisəni danışmışdı. “Müştərimiz olan bir firma məni dəvət etmişdi”, - deyərək anlatmağa başladı.
“Biz hər müştəriyə eyni dərəcədə dəyər veririk. Dəvət edilmişdim, elə ona görə də işlərimi dayandırıb Türkiyəyə getdim. On iki saatlıq təyyarə səfərinin sonunda İstanbula çatdım. Taksiyə firmanın adresini söylədim. Az müddət ərzində artıq firma binasının qarşısında idim. Binaya daxil oldum. Firmanın rəhbəri Ərdəm bəylə görüşmək istədiyimi söylədiyimdə məni yuxarı mərtəbədə, 201 nömrəli otaqda gözlədiyini bildirdilər. Bina nəhəng idi. Arxa tərəfində binaya bitişik zavod yerləşirdi. Koridorda irəlilədikcə zavodun içərisindəki avadanlıq və işçilər güzgü kimi görünürdü. Koridorun sonundakı otağa gəlib çatıb qapını astaca döydüm. İçəridən bir xanım türk dilində -“Buyurun”- dedi. İçəri keçib ingilis dilində müdirinizlə müdirləri ilə görüşmək üçün gəldiyimi dedim. Xanımın cavabı isə -“Ərdəm bəy sizin gəldiyinizdən xəbərdardır, sizinlə az sonra görüşəcək”- şəklində oldu və mənə masasının qarşısındakı stulda əyləşməyimi söylədi.
Müdirin otağı katibəsinin otağının yanında idi. Göstərilən yerdə oturmuşdum ki, xanımın başının üstündəki saat diqqətimi çəkdi. Müdir məni çağırmadığı üçün iclasda olduğunu düşündüm. Bir müddət sonra səbrim tükənməyə başladı. Saata təkrar baxdım. Tam qırx səkkiz dəqiqə idi ki, gözləyirdim. Nəhayət xanım zəng çalan telefonun dəstəyini qaldırdı və “Göndərirəm”- şəklində qarşılıq verdi. Dəstəyi yerinə qoyub, mənə - “Buyurun, müdir bəy sizi gözləyir”- dedi. Bu qədər müddət gözlədiyim üçün müdirin ya çox önəmli işi, ya da iclası olmalı idi. Amma içəri girdiyimdə müdirin yanında heç kim yox idi.
Siqareti yandırıb oturduğu yerdən zavoda tamaşa edirdi. Məni qarşısında gördükdə isə ayağını-ayağının üstündən götürüb xoş gəlmisiniz dedi. Daha sonra ayağa qalxıb mənimlə görüşdü.
- İçmək üçün sizə nə ikram edə bilərəm? , - deyə soruşdu, - Türk çayı, yaşıl çay, amerikan qəhvəsi, türk qəhvəsi və s...
Diqqətlə üzünə baxdım. Asta bir səslə:
- Ərdəm bəy, mən restorana və ya çay evinə gəlməmişəm, gəliş səbəbim sizi ziyarət etmək və texnologiyanızla tanış olmaqdır , - deyə bildirdim.
Müdirin rəngi dəyişdi. Gülümsəyən sifəti sərt bir aura almağa başladı.
- Bizdə qonağa hörmət var, birbaşa iş danışmırıq.
Cavabım gecikmədi:
- Qonağa hörmət? Mənim qapınızın arxasında gözlədiyimi bilirdiniz. Bəs niyə dəvət etmədiniz?
Müdirin cavabı:
- Bura müdir otağıdır. Gələn adam burda müdirin oturduğunu hiss etməlidir. Buna görə də mən heç kimi birbaşa dəvət etmirəm.
Cavabı eşidib məyus oldum.
- Mən də sizin çox önəmli bir işlə məşğul olduğunuzu düşünürdüm. Hərçənd ki, siz bilərəkdən məni gözlətmisiniz. Siqaretini tamamlayıb kül qabına atdı.
- Bəli, o şəkildə oldu - dedi.
Ona vicdanını sızladacaq məntiqli bir sual verdim.
- Fikirləşin ki, sizə verilən ömür bitdi. Ölüm mələyi canınızı almağa gəldi. Ona bütün ömrünüz boyunca qazandığınız sərvətinizi versəniz, ömrünüzə yarım saat əlavə edərmi? Və ya yaradıcıya bütün səmimiyətinizlə yalvarsanız, təkcə on beş dəqiqə artır desəniz, bunu edərmi?
Nifrətli və bir az da pərt halda:
- Xeyir - dedi.
- O halda siz niyə məni qırx səkkiz dəqiqə qapınızın arxasında gözlətdiniz? Ömrümün o qismini mən heç bir faydalı iş görmədən keçirdim. Buna haqqınız varmı? O müddət ərzində çox faydalı işlər görə bilərdim. Dostlarımla vaxt keçirə bilərdim. Amma burda boş-boşuna o vaxt hədər oldu. Biz niyə bu qədər müvəffəqik bilirsinizmi? Çünki, vaxtın nə olduğunu çox yaxşı bilirik. Son sözüm bu oldu və çantamı da götürüb İstanbuldan ayrıldım".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay