İdarəçilər işçilərin iş stresini necə azalda bilər?
İş stresinin idarə edilməsi həm fərdi, həm də korporativ uğur üçün iş proseslərinin ayrılmaz hissəsidir. İşlə bağlı stressi azaltmaq üçün fərdi tədbirlərlə yanaşı, rəhbərlər tərəfindən həyata keçiriləcək bəzi tədbirlər işçilər üzərindəki təzyiqi azaltmağa kömək edəcək və iş prosesləri daha sağlam şəkildə davam edəcək.
Valyuta.az iş yerinizdə yaşanan və ya yaşana biləcək uzunmüddətli stressin qarşısını almaq üçün idarəçilərə tövsiyyələri təqdim edir:
1. İşçilərin sağlamlığına diqqət yetirin
İş proseslərinin rəvan getməsi və stressin azaldılması üçün işçilər həm fiziki, həm də əqli cəhətdən sağlam olmalıdırlar. İşçilərin sağlamlığını dəstəkləyən təcrübələrin həyata keçirilməsi işçilərin iş yerində inam hissini gücləndirir. İş yerinizdə işçilərinin tibbi sığortasına diqqət yetirin, onlara daxili təlim və ya məsləhət xidmətləri göstərin. Bu, işçilərdə onların sağlamlıq vəziyyətinin rəhbərləri tərəfindən nəzərə alındığı və qayğısına qaldığı hissi yaradır. Beləliklə, onlar özlərini daha inamlı və vacib hiss edirlər.
2. Hibrid iş formasına icazə verin
Pandemiya dövründə iş proseslərinin hibrid iş saatları təcrübələri ilə uğurla tamamlana biləcəyi görüldü. Əslində bu yeni iş qaydası iş stresini azaldıb və işçilərin işinə müsbət təsir edib. Bu səbəbdən, pandemiyadan sonra bir çox şirkət hibrid işləməyə keçdi və iş sistemlərini kökündən dəyişdirəcək yeniliklər etdi. Sənayeniz üçün uyğun olan hibrid iş quruluşuna keçərək, daha dinc iş mühiti yaradaraq stressi azalda bilərsiniz.
3. Sosiallaşmanı təşviq edin
İşçilərin iş vaxtı ərzində məşğul olduqları bütün fəaliyyətlər işlə bağlı olmamalıdır. İşdə ictimailəşmək və müəyyən vaxtlarda işdən kənar mövzularda danışmaq, işçilərə iş mühitinin sıxlığından uzaqlaşmaq üçün qısa bir fasilə vermək deməkdir. İş yeri münasibətlərini gücləndirməyə kömək edən bu qısa fasilələr və sosiallaşma mühitləri həm işçilərin motivasiyasını artırır, həm də iş stresini azaltmağa kömək edir.
4. İşçilərinizlə əlaqə saxlayın
İnsan münasibətlərində ünsiyyətin əhəmiyyəti iş həyatında da özünü göstərir. Əslində işçilərlə düzgün və uyğun ünsiyyət iş stresini azaldır. İşçilərinizlə daimi ünsiyyətdə olmaq üçün rəqəmsal platformalardan yararlana bilərsiniz. Daima hazır olan və suallarınızı tez cavablandıran menecerlə işləmək onların quruma bağlılığını gücləndirir və hiss etdikləri iş stresini, təzyiqini azaldır.
5. Tapşırıqların paylanmasını təşkil edin
Hər bir işçinin iş yerində bərabər işləməsini təmin etmək çətin ola bilər, lakin siz yaxşı bir menecer kimi onların ədalətli şəraitdə işləməsini təmin edə bilərsiniz. Bu səbəbdən tapşırıqları yaxşı bölüşdürməli və bu bölgü zamanı həm işin, həm də işçinin bütün parametrlərini nəzərə almalısınız. Yaxşı təşkil edilmiş tapşırıq bölgüsü işçinin iş yerində özünü təhlükəsiz hiss etməsinə səbəb olur və stressi minimuma endirməyə kömək edir.
6. İşçiləriniz üçün stresin idarə edilməsi təlimini nəzərdən keçirin
Stressin idarə edilməsi üzrə təlim fərdi və ya qruplarla işləyərkən ata biləcəyiniz addımları izah edən, iş həyatınızda tətbiq edə biləcəyiniz bir bələdçi təqdim edir. Stressin müxtəlif aspektləri və onun aradan qaldırılması yolları haqqında əldə etdiyiniz biliklər həm sizin, həm də işçilərinizin yaşadığı stressi anlamağa və təsnif etməyə kömək edə bilər.
Rəqabət şərtlərinin gündən-günə dəyişdiyi iş dünyasında insanları təsir edən uzunmüddətli stress hissi günü-gündən artır. Bu səbəbdən işlə bağlı stressi aradan qaldırmaq həm idarəçilər, həm də işçilər üçün həyati əhəmiyyət kəsb edir. İş yerində yaranan gərginliklərdən hər zaman xilas ola bilməsəniz də, düzgün hərəkətlər edərək stressi minimuma endirərək işçilərin daha xoşbəxt olmasını və məhsuldarlığın artmasına nail ola bilərsiniz.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay