Həm arzuları gerçəkləşdirən, həm də ildə 1,4 milyon avro qazandıran fəvvarə
İtaliyanın paytaxtı Romada yerləşən "La Fontana di Trevi" (Trevi Fəvvarəsi) bəlkə də dünyanın ən məşhur fəvvarəsi hesab olunur.
Valyuta.az xəbər verir ki, "Piazza di Trevi" meydanındakı barokko üslubundakı fəvvarə əvvəlcə Bernini tərəfindən Papa XII Klemens üçün dizayn edilib. Ancaq memar Nikola Salvi tərəfindən dizayn edildikdən 50 il sonra yenidən tikilib. Tikinti 1732-ci ildən 1762-ci ilə qədər davam edib. Fəvvarənin şöhrəti qismən "La Dolce Vita" (1960), "Angels and Demons" (2009), "Lizzie McGuire" (2003) kimi filmlərdən sonra yüksəlib.
Təxminən 30 metr hündürlüyündə olan Trevi Fəvvarəsi Palazzo Poli binasının arxa tərəfində tikilib. Fəvvarədə tağın altında mərkəzdə iki qanadlı at və tritonlar (dənizin gənc tanrıları) tərəfindən araba ilə dənizə çəkilən dəniz tanrısı Neptunun heykəli dayanır. Atlardan biri sakit və itaətkar, digəri gurultuludur. Onlar dənizin dəyişən dalğalarını simvollaşdırırlar. Neptunun sol (Filippo della Valle tərəfindən hazırlanıb) tərəfindəki heykəl bolluğu, sağdakı isə sağlamlığı təmsil edir. "La Fontana di Trevi" "tre via" (üç yol) adından götürülüb. Çünki əvvəllər fəvvarənin yerində üç yol birləşirdi.
Fəvvarəni məşhur edən səbəblərdən biri də hər dəfə minlərlə insanın oradan keçərkən suya sikkələr atmasıdır. Ümumiyyətlə şəhərə səyahət zamanı "La Fontana di Trevi"yə sikkə atmaq ənənədir. Oraya sikkə atmağın qaydası da var. Belə ki, arzularınızın gerçəkləşməsini istəyirsinizsə, gözlərinizi yumaraq sikkəni sağ əlinizlə sol çiyninizin üstündən suya atırsınız. Rəvayətə görə, pulu suya atan adam bir gün yenidən Romaya qayıdır. İki sikkə atmısınızsa, sevginizi məhz bu şəhərdə tapacaqsınız. Evlənmək və ya boşanmaq istəyənlər isə fəvvarəyə üç sikkə atmalıdır.
Roma bələdiyyəsi hər həftə "La Fontana di Trevi"ni təmizləyir və gəlirin böyük bir hissəsini - illik 1,4 milyon avronu yoxsul ailələrə kömək edən xeyriyyə təşkilatına bağışlayır.
İtalyanca "La Fontana di Trevi" kimi tanınan Trevi Fəvvarəsi Roma şəhərinin mərkəzində, Trevi rayonundakı "Piazza di Trevi"də, üç küçənin - Via delle Muratte, Via dei Crociferi və Via Polinin qovşağında yerləşir. Dünyanın ən məşhur fəvvarələrindən biri sayılır və möhtəşəm barokko üslubu, həmçinin digər mifik fiqurlarla əhatə olunmuş Roma dəniz tanrısı Neptunun simvolik heykəli ilə tanınır.
Ziyarətçilərin əksəriyyəti fəvvarəyə sikkələri yenidən Romaya qayıtmaq arzusu ilə atırlar. Fəvvarəyə ictimai nəqliyyat vasitəsilə asanlıqla getmək mümkündür. Barberini metro stansiyasından 500 metr məsafədə yerləşir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay