Erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktika kəşf edilib
27 alimdən ibarət beynəlxalq qrup erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktikanı kəşf ediblər. Məlumatda qeyd edilib ki, sözügedən kosmik hadisə Böyük partlayışdan 510 milyon il sonra baş verib. Kainatın həmin zaman aralığında adi qalaktikaların kəşf edilməsi belə çox qəliz məsələdir. Alimlər isə bir-biri ilə birləşmiş ilk cüt qalaktikanı kəşf ediblər. Bu, kosmos barəsində mövcud anlayışın sərhədindən o tərəfində yerləşən bir faktdır. Qeyd etmək lazımdır ki, bu kəşfin edilməsində əsas rolu James Webb kosmik teleskopu oynayıb. Alimlər əldə etmiş olduqları fotoda iki cavan ulduzun toqquşmasının əks olunduğunu güman edirdilər.
James Webb-də olan NIRSpec qurğusu vasitəsilə aparılmış spektral analiz onu göstərib ki, toqquşmuş ulduzların yaşları təqribi olaraq 120 milyon il təşkil edir. Obyektin növbəti analizləri sayəsində məlum olub ki, fotoda əslində bir-biri ilə birləşən iki qalaktika əks olunub. Bir-biri ilə birləşən qalaktikalardan biri cavan, digəri isə yüksək kütləli daha qədim qalaktikadır. Fotoda birləşən iki qalaktikanın əks olunması faktını həmçinin birləşmə prosesi nəticəsində yaranan quyruq da sübut edir. Adətən qalaktikaların birləşməsi zamanı maddənin və ya ayrıca ulduzların kosmosa quyruq kimi atılması adi haldır. Kəşf edilmiş bu hadisənin ən diqqət çəkən tərəfi ondadır ki, qalaktikalardan biri öz inkişafı üçün yetəri zamana sahib olmayıb.
© technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay