Azərbaycanda prezident olmaq istəyən 16 nəfərin dosyesi – Tam siyahı
Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, növbədənkənar Prezident seçkilərində namizəd kimi iştirak etmək üçün bugünə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) 17 nəfər müraciət edib.
Qeyd edək ki, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan 2024-cü il yanvarın 8-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini və 40 min imzanı MSK-ya təqdim etməlidirlər.
MSK namizəd olmaq istəyən 17 nəfərin sənədlərini qəbul edərək onlara 40 min imza toplmaq üçün imza vərəqləri tədim edib. Bu günə kimi (3 yanvar tarixinə) imza vərəqi alanlardan yalnız 4 nəfər – indiki prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc və Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev 40 min imzanı MSK-ya təqdim edib.
40 min imza təqdim edən şəxslərdən isə ancaq İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib. Digər şəxslərin namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyinə yanvar ayının 8-nə kimi aydınlıq gətiriləcək.
Fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar Prezident seçkilərində namizəd olmaq istəyənlərin qısa tərcümeyi-halını təqdim edirik:
Zahid Oruc (Orucov Zahid Məhərrəm oğlu) 1 fevral 1972-ci ildə Gədəbəy rayonunda (Əslən Qərbi Azərbaycandan) andan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetindən məzun olub.
1992-ci ildən Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə sədr müavini olub. 1999–2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru olub.
2001, 2005, 2010, 2015 və 2020-ci illərdə (5 dəfə) 93 saylı Bərdə şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür.
2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb. Bu səbəbdən Ana Vətən Partiyası Zahid Orucu partiya sıralarından xaric edib.
2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Fazil Qəzənfər oğlu Mustafa 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi hərbi xidmət keçib. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakulətəsindən məzun olub.
1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın sədri seçilib.
2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisə deputat seçilib.
2008-ci ildə prezident seçkilərində iştirak edib və seçicilərin 2,4 %-nin səsini alıb.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.
28 mart 2023-cü ildə evinin qarşısında silahlı hücuma məruz qalıb. Fazil Mustafaya silahlı hücum edən şəxslərin İrana bağlı olduqları açıqlanıb.
Qüdrət Müzəffər oğlu Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvanda anadan olub. 2003-cü ildən Milli Məclisin deputatdır. İndiyə kimi 5 dəfə deputat seçilib. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən Prezident seçkilərində prezidentliyə namizəd olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əvvəkli iqtidarın (1992-93-cü illər) dövründə (Prezident Əbülfəz Elçibəy) Dövlət Katibinin köməkçisi olub. O dövrdə Dövlət Katibi hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olan Əli Kərimli olub.
1993-cü ildən sonra Azərbaycan Xalq Cəbhəsi sədrinin (Əbülfəz Elçibəy) müşaviri olub. Əbülfəz Elçibəy 2000-ci ildə vəfat etdikdən sonra Qüdrət Həsənquliyev ilə partiyanın indiki sədri Əli Kərimli arasında narazılıqlar olub. 2004-cü ildə Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaradıb.
2018-ci ildə keçirilən sonuncu prezident seçkilərində 3% səs toplayıb.
Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunda anadan olub. Milli Məclisin deputatdır.
1992–1997-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis-fransız dilləri pedaqoji fakültəsində təhsil alıb.
Daha sonra Kanada və ABŞ-da müxtəlif kurslarda iştirak edib. Bakıda fəaliyyət göstərən Avropa şirkətlərində tərcüməçi kimi fəaliyyət göstərib.
Razi Nurullayev 2009-2015-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xarici məsələlər üzrə müavini olub.
2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib və sədri olub. 2018-ci ildə keçirilən Prezident seçkilərində prezidentliyə namizəd olub və 0,74% səs toplayıb.
“Cümhuriyyət” qəzeti və “cebhe.info” xəbər saytları onun nəzarətindədir.
Elşad Musayev hazırda Böyük Azərbaycan Partiyasının (BAP) sədridir. Bu partiya 2005-ci ildə yaradılıb.
Elşad Musayev daha əvvəl Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) fəaliyyət göstərib. Elşad Musayev partiyada baş katib (partiyada 2-ci vəzifə hesab edilir) olub.
Keçmiş Ermənistan SSR-i də anadan olub. İxtisası hüquqşünasdır.
Elşad Musayevin 2 qızı var və onlar Azərbaycanda daha çox tanınınlar. Elşad Musayevin qızları Türkiyənin Bahçeşehir universitetində oxuyublar. Elşad Musayevin Günel adlı qızı Türkiyənin Bahçeşehir universitetini birinciliklə başa vurub və “Altın beyin” fəxri mükafatı ilə təltif edilib. Elşad Musayevin digər qızı Xeyrənsə Musayeva isə universiteti 3-cülüklə başa vurub.
Abutalıb Qəmbər oğlu Səmədov 19 fevral 1961-ci ildə Tovuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.
1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının (2023-cü ildə ləğv olunub) təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.
1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib.
1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016) və Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008) olub.
Fikrət Hüseyn oğlu Yusifov 20 avqust 1957-ci ildə Şərur rayonunda anadan olub. İqtisad elmləri doktoru olan Fikrət Yusifov Azərbaycanın sabiq maliyyə naziridir (1994–1999). Hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir.
Fikrət Yusifov 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib. 2004–2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. 2018–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi dərs deyib.
Fikrət Yusifov 28 noyabr 2019-cu ildə Ana Vətən Partiyasına üzv olub və sədrin sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Fikrət Yusifov 12 mart 2020-ci il tarixində Ana Vətən Partiyasındakı vəzifəsindən və partiya üzvlüyündən istefa verib.
2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun evində aparılan axtarış zamanı 100 min avro və 60 min dollar, həmçinin tapança tapılıb. Həmin pulların ona həmin dövrdə nazir olan Fərhad Əliyevlə, Əli İnsanovun Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin Bakıya qayıtmasına sərf etmək üçün verdikləri istintaq orqanı tərəfindən bildirilib. Lakin, Fikrət Yusifov 2006-cı ilin avqustunda yalnız qanunsuz silah saxlamaqda təqsirli bilinərək 1 il 6 ay həbs cəzasına məhkum edilib və bundan cəmi 3 ay sonra, 2006-cı ilin noyabrında ərizəsi təmin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Fuad Ağası oğlu Əliyev 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub. 1988–1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təçkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ İdarəsinin əməkdaşı olub.
Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci ilin sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında yenidən sədr seçilib. 1 aprel 2023-cü il tarixində partiya fəaliyyətini dayandırıb.
2008-ci ildə Azərbaycanda keçirilən Prezident seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% toplamaqla altıncı yeri tutub.
Qulamhüseyn Surxay oğlu Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb.
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 3-cü sırada olan Qulamhüseyn Əlibəyli I çağırış Milli Məclisin deputatı seçilib.
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 2-ci sırada olan Qulamhüseyn Əlibəyli II çağırış Milli Məclisin deputatı seçilib.
Qulamhüseyn Əlibəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin, 1990-cı ildən isə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olub.
Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin, 1995-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri olub.
Qulamhüseyn Əlibəylinin 2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından qalmaqallı formada istefa verməsindən sonra o, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu bildirib. Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 17 aprel 2023-cü il tarixində Aydınlar Partiyasının fəaliyyətinə xitam verilib.
Qulamhüseyn Əlibəyli 2008-ci ildə baş tutan Prezident seçkilərində mübarizə aparıb. Nəticədə 2,2 % səslə 7 namizəd sırasında 5-ci pillədə qərarlaşıb.
Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. Mətləb Mütəllimli 1973–1979-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. 1978-ci ildən Sumqayıt Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışıb.
Mətləb Mütəllimli 1990-cı ildə keçirilən Parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olaraq deputat seçilib.
Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini daşıyıb. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilib.
1995-ci il noyabrın 26-da baş tutan Parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizəd olan Mətləb Mütəllimli I çağırış Milli Məclisin deputatı seçilib.
Mətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olub. Mətləb Mütəllimli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olub. Daha sonra istefa verərək 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edib.
Yunus Oğuz 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978–1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alıb. 1979–1981-ci illərdə sovet ordusunda xidmət edb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun Fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib.
1988-ci ildən Milli Azadlıq Hərəkatına aktiv qoşulub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasını (XAP) yaradıb və onun sədri seçilib.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə, sonra Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olunub.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib.
1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edərək partiyanın sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və birləşmiş Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP daxilində bölünmə yaşanıb, Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan edib. Yunus Oğuz Vəhdət Partiyasının sədrinin birinci müavini seçilib. 2000-ci ildə Vəhdət Partiyası daxilində bölünmə yaşanıb və Yunus Oğuz başçılığında qrup partiyanın adını Milli Vəhdət Partiyası olaraq dəyişdirildiyini elan edərək yeni partiyanın təsis edildiyini açıqlayıb. Partiya qurultayında Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 2023-cü ildə Milli Vəhdət Partiyası fəaliyyətini dayandırıb.
15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyi qeydə alınıb və Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.
1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır.
Namizəd Heydər oğlu Səfərov 1965-ci ildə anadan olub. 1982-87-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyub.
Əvvəllər vəkil kimi fəaliyyət göstərib. 2018-ci ildə vəkil kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.
2019-cu ildə yaradılan “Repressiya və İşgəncələr Əleyhinə Komitə” adlı təşkilatın üzvü olub.
Heç bir siyasi partiyanın üzvü olmasa da, hakimiyyətə qarşı müxalif fikirləri ilə tanınır. Sosial şəbəkələrdə və mediada insan haqlarının pozulması, korrupsiya, məmur özbaşınalığı ilə bağlı tənqidi fikirlər səsləndirir.
Əvəz Temirxan 1959-cu ildə Bərdə rayonunda anadan olub. 1980–1985-ci illərdə Rusiyada Yaroslav şəhərində ali təhsil alıb. 1985-ci ildə Yaroslav Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra 1991-ci ilə qədər Rusiyada prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışıb. SSRİ dağıldıqdan sonra - 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.
1991–1993-cü illərdə Azərbaycanın keçmiş dövlət katibi Lalə Şövkət tərəfindən yaradılan ictimai təşkilatda sədr müavini olub.
1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Dövlət Katibinin (Lalə Şövkətin) baş köməkçisi olub.
1995-ci ildən sonra Lalə Şövkət tərəfindən yaradılan Azərbaycan Liberal Partiyasının sədr müavini olub. 2010-cu ildə Azərbaycan Liberal Partiyasının sədri seçilib.
Arzuman Səid oğlu Abdulkərimov 1972-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1992-ci ildə 1-ci Qarabağ müharibəsində iştirak edib.
Biznes fəaliyyəti ilə məşğul olur. Hakimiyyətə yaxınlığı ilə tanınan Ana Vətən Partiyasında sədr müavini olub.
2022-ci ildə partiyadan istefa verib. Arzuman Abdulkərimov hazırda “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədridir.
Yusif Qəzənfər oğlu Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olub. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilib. 1998-ci ildə Yusif Bağırzadə Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının həmsədri seçilməsindən sonra Azərbaycan Demokrat Partiyasına üzv olub.
2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. 2010-cu ilin 10 iyul tarixində Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə partiya sədri seçilib. 27 oktyabr 2015-ci il tarixində parlament seçkilərinə 5 gün qalmış sədr postundan və partiyadan istefa verən Yusif Bağırzadə siyasətdən getdiyini elan edib.
Kərimov Sərvan İdris oğlu 1958-ci ildə Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndində anadan olub. 1976-cı ildə Memarlıq və İnşaat Universtetinin Mexanika fakultəsinə daxil olub. 1984-cü ildən 14 saylı Füzuli Yol Tikinti idarəsində Baş mexanik şöbəsinin müdürü olub. Hazırda təqaüdçü olan Sərvan Kərimov Bakıda yaşayır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay