Qalaktikada \"Güzgü planet\" kəşf olundu (FOTO)
Elm adamları "Süd Yolu Qalaktikası"nda "nəhəng güzgü"yə bənzəyən və kainatın "işığı ən çox əks etdirən təbii obyekti" olaraq xarakterizə edilən ekzoplanet tapıblar.
Valyuta.az xəbər verir ki, Yerdən təxminən beş dəfə böyük, metal buludlarla örtülmüş ekzoplanet daxil olan işığın təxminən 80 faizini əks etdirir. Astronomlar "LTT9779b" adlı ekzoplanetin Yerdən təqribən 264 işıq ili uzaqlıqda yerləşdiyini və Günəşə bənzəyən ulduzun ətrafındakı orbitini 19 saata tamamladığını açıqlayıblar. Tədqiqatda Avropa Kosmik Agentliyinin CHEOPS teleskopunun məlumatlarından istifadə edilib. Ekzoplanetin diametrinin Yerdən təqribən 4,7 dəfə böyük və Merkuri ilə Günəş arasındakı məsafədən daha yaxın orbitdə öz ulduzu ətrafında dövr etdiyi bildirilib. "LTT9779b"nin titan və silikatlardan ibarət metal buludları ilə əhatə olunduğu güman edilir. Onun məhz bu səbəbdən işığın təxminən 80 faizini əks etdirdiyi və ekzoplaneti kainatın “işığı ən çox əks etdirən təbii obyekt” kimi görüldüyü bildirilir.
Müqayisə üçün qeyd edək ki, səmada Yerdən görünən ən parlaq obyekt Venera sayılır. O, daxil olan işığın təxminən 75, Yer isə 30 faizini əks etdirir. "LTT9779b"nin səthində 1800 dərəcə istilik olduğu deyilir və intensiv şüalanma ilə əlaqələndirilir. Bu, ərimiş lavanın hərarətindən də yüksəkdir.
Araşdırmanın müəlliflərindən biri olan professor Ceyms Cenkins açıqlamasında, "LTT9779b kosmosda nəhəng bir güzgüdür. Biz düşünürük ki, planetdəki buludlar qatılaşaraq damcılara və atmosferin bəzi hissələrində titan yağışına çevrilə bilər" - sözlərini söyləyib.
Fransanın Kot d'Azur rəsədxanasında çalışan astronom Vivien Parmentyer isə "İşığı super əks etdirən bulud örtüyü, yəqin ki, planetin həddindən artıq istiləşməsinin qarşısını alır və onun atmosferini məhv edir"- deyib. Parmentyer əlavə edib ki, bu temperaturda öz atmosferlərini saxlaya biləcək qədər böyük olan bütün digər planetlər buludları görmürlər və buna görə də kömür kimi qaranlıqdırlar. Bu baxımdan "LTT9779b" unikal bir nümunədir.
Araşdırma "Astronomy and Astrophysics" jurnalında dərc olunub.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay