“Green card”a son müraciət tarixi nə vaxtdır? - Müraciət qaydası
Hər il dünyanın müxtəlif ölkələrindən olan minlərlə insan ABŞ-da yaşamaq arzusunu reallaşdırmaq üçün “Green card”a müraciət edir. “Green card” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. “Green card” aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib-çıxmaq hüququ əldə edirsiniz. “Green card” sahibi, Amerika vətəndaşı ilə eyni hüquqlara malik hesab olunur.
Yeniavaz.com xəbər verir ki, bu il “Green card”a müraciət üçün son tarix 5 noyabrdır.
Məlumat üçün bildirək ki, “Green card” proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb. Hər il müraciət edən yüz minlərlə şəxs içərisindən 50 000 şəxs qalib olur və onlar ABŞ-da leqal formada köçə bilirlər. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi formada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur.
“Green card” müraciəti üçün 18 yaşdan yuxarı və ən azı orta təhsil almış hər bir şəxs, o cümlədən Azərbaycan (və ya proqrama düşən digər) vətəndaşları müraciət edə bilər. Orta təhsili olmayan vətəndaşlar isə müəyyən olunmuş sahələr üzrə ən azı 2 il iş təcrübəsinə (son 5 ildə) sahib olmalıdırlar.
Proqrama müraciət üçün saysız-hesabsız sənəd yığmaq tələb olunmur. Ən köhnə halda, 6 ay əvvəlcədən çəkilmiş şəkil kifayət edir. Şəkil 1:1 nisbətində və ən azı 600×600 piksel ölçüdə olmalıdır. Ailəli şəxslər üçün həyat yoldaşının və övladlarının şəkilləri də lazım gəlir.
"Green card" proqramına müraciətlər, adətən, hər ilin oktyabrın 1-ci həftəsindən, noyabrın 1-ci həftəsi də daxil olmaqla (bu il noyabrın 5-dək) yalnız //dvprogram.state.gov/ rəsmi saytı üzərindən qəbul edilir. Proqrama müraciət üçün heç bir rüsum tələb olunmur. Cavablar adətən növbəti ilin may ayının (istisna hallarda iyun) 1-ci həftəsində açıqlanır.
Ən önəmli məsələ sistem üzərində bütün məlumatları düzgün şəkildə qeyd etməkdir. Ailəli insanların hər biri (ər və arvad) ayrı-ayrılıqda müraciət edə bilər və həyat yoldaşının məlumatlarını (ad, soyad, doğum yeri, doğum tarixi və şəkil) daxil etməlidir. Hansısa biri qalib olduğu halda, digər həyat yoldaşı və övladları da ABŞ vizasına müraciət etmək hüququna malik olurlar.
“Green card” qalibi olan azərbaycanlılar viza üçün ABŞ-ın Gürcüstandakı səfirliyinə müraciət etməlidirlər. Adətən, viza alınması qalib olan zaman verilmiş “case number”dən asılı olaraq, hətta 1 ilə yaxın müddətə qədər də çəkə bilər. Viza alınması üçün bank hesabında (ölkə fərqi yoxdur) müəyyən məbləğdə pul göstərmək lazımdır ki, ilk aylarda ABŞ-dakı xərclərin qarşılana biləcəyini sübut etmək mümkün olsun.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay