Babək sakinindən 6 min manat aldı, Rusiyadan qız qaçırtdı, Naxçıvanda toy etdi...
"Instagram"dakı "kuzey_1” adlı səhifdə geyim malları paylaşan və özünü "Kuzey Yurtçağ" kimi təqdim edən "biznesmen” Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Zeynəddin kənd sakini Abbas adlı şəxs imiş.
Qaynarinfo-nun məlumatına görə, Abbas onu sosial şəbəkə vasitəsi ilə tanıyanlara İstanbuldan olduğunu və orada kitab mağazası işlətdiyini bildirib. O, tam Anadolu türkcəsində danışdığından heç kim yalan danışdığını anlamayıb. Abbas "Instagram" səhifəsində "Kuzey kırtasiye” adlanan mağazanın şəkillərini paylaşırmış.
Özünü "Kuzey Yurtçağ” kimi təqdim edən şəxs "Instagram”da Nurlan adlı şəxslə səmimi münasibət yaratdıqdan sonra 2021-ci ilin sentyabr ayının 5-də Naxçıvanda paltar mağazası açmaq, Türkiyədən oraya mal göndərərək satmaq istədiyini və bunun üçün pula ehtiyacı olduğunu bildirib. Nurlan isə onunla ortaq olmağa və birlikdə mağaza açmağa razılaşıb.
Nurlan ifadəsində bildirib ki, Naxçıvanda aşbaz işlədiyi "Dəyirmançı” adlanan ailəvi kafe-restorandan qazandığı pulu "Kuzey Yurtçağ”a verib: "Həmçinin bankdan kredit və həyat yoldaşımın qızıllarını lombarda qoyaraq pul götürdüm. Bundan başqa iki baş iribuynuzlu heyvanımı da satıb ona bir ay müddətində 6000 manat pul verdim. Bir neçə gün sonra zəng etdim. O hər dəfə bir bəhanə gətirib, gah Türkiyədə, gah da Rusiyada olduğunu bildirdi. Bundan sonra aldadıldığımı başa düşüb, Türkiyə Konsulluğuna müraciət etdim. Müəyyən araşdırmadan sonra mənə bildirildi ki, bu adda Türkiyə vətəndaşı yoxdur. Məlum oldu ki, bu, Abbas adlı Naxıvan sakini imiş. Şikayətimdən sonra onu Naxçıvan şəhər Polis İdarəsinə çağırdılar. Müstəntiqin yanında məndən 6000 manat pul aldığını etiraf etdi. Pulun 1000 manatını qaytardı və hər ay 500 manat ödəyəcəyini bildirdi. Amma dediyi vaxtda pul vermədiyi üçün zəng etdim. Bu zaman məni söyüb təhqir etdi. Hazırda telefon zənglərimə də cavab vermir".
O da məlum olub ki, Abbas Nurlandan aldığı pulları Rusiyanın Krasnodar vilayətindən olan Anastasiya İrina adlı sevdiyi qızı qaçırmaq üçün xərcləyib. Həmin qızla 2021-ci ilin noyabr ayında Naxçıvanda toy etdikləri və hazırda Soçidə yaşadıqları müəyyənləşib.
Bu hadisələrdən sonra Abbasın atası da elə bir oğlunun olmadığını, onu övladı olaraq qəbul etmədiyini bildirib. Abbasın digər vətəndaşlara qarşı da eyni hərəkətləri etməsi istisna edilmir.
Məhkəmə təqsirləndirilən şəxsin Naxçıvanda yaşayan ailəsindən 5000 manat məbləğində pul alınaraq, iddiaçıya ödənilməsinə qərar verib. Həmçinin iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 manat da cavabdehdən alınacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay