Müflis olmuş 4 bankın əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI
Aprelin 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 644 əmanətçiyə 634 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fondundan Valyuta.az-a bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan aprelin 16-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 249,14 milyon manat kompensasiya ödənilib.
"AG Bank" üzrə 4747 əmanətçiyə 117,31 milyon manat, "NBC Bank" üzrə isə 4235 əmanətçiyə 132 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən aprelin 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 384,72 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Hesabat dövründə "Amrah Bank" üzrə 5837 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 140,43 milyon manat, "Ata Bank" üzrə 9825 əmanətçiyə isə 244,28 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qeyd edək ki, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay