“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə “Report” agentliyin saytına istinadən xəbər verir. Reytinq üzrə proqnoz müsbətdir.
“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə iki dəfə azalaraq ÜDM-in 14,8 %-inə enib, buna baxmayaraq, bu, “BB” kateqoriyasında olan ölkələr arasında ən yüksək göstərici olaraq qalır.
Agentlik bildirib ki, neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə profisitin güclü qalacağı gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 69,8 milyard ABŞ dollarına çatıb. Bunun 80 %-i Azərbaycan Dövlət Neft Fondunun payına düşüb.
Bundan başqa 2023-cü ildə ÜDM-in 67 %-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir.
Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin aşağı düşməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9 %-ə düşüb:
“2024-cü ildə inflyasiyanın 4,5 %-ə qədər daha da azalacağını proqnozlaşdırırıq”.
Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8 %-ə (2023-cü ildə 1,1 % olub) yüksələcəyini proqnozlaşdırıb.
“Biz artımın 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”, - Fitch qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay