Real sektorda məhdudiyyətlərin sayı azaldılmalıdır – TƏLƏB
“Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub”.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlama verib.
Millət vəkili bildirib ki, azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub:
“Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb. Bu müddətdə isə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyili dərəcədə balanslaşdıra bilib”.
Ekspert, qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə əlaqələndirib. O, son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsini təqdirə layiq hal dəyərləndirib:
Ekspert düşünür ki, bu halı xüsusən nəzərə almaq lazımdır:
“Əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlər ilə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır. Bu baxımdan, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı”.
Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılmasının vaksinasiya səviyyəsindən də asılı olacağını deyən V.Bayramovun sözlərinə görə, daha intensiv vaksinasiya real sektorun daha tez tam açılmasına gətirib çıxara bilər:
“Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Qeyri-nefti sektorundakı artım tempini nəzərə aldıqda Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu baxımda yoluxma sayının azalması davam edərsə o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırlacağı istisna edilmir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay