
“Kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil” – Deputat
“Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunmuşdur ki, onların da 73,7 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olmuşdur. Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil: “Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından da az maaşdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür”.
Millət vəkili qeyd edib ki, gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir: “Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub”.
Qeyd edək ki, ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onlarında 52,1 faizi qadındır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay