Yeni tikilən binalar zəlzələyə davamlıdırmı? - Həyəcan təbili
Son zamanlar regionda yeraltı təkanların sayı, gücü və intensivliyi artıb. Azərbaycan, Türkiyə, Ermənistan, İranda bir-birinin ardınca zəlzələlər baş verir. Elə ötən gün də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanlar Kastamonuda 4,7 bal gücündə qeydə alınıb.
Fevralın 5-də isə Ermənistan ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss olunub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bal gücündə hiss olunub.
Son dövrlər yerin daxili qatında baş verən dəyişikliklər nə ilə bağlıdır, bu intensivliyi artıran səbəblər nədir? Yeraltı təkanlar digər sualları da meydana gətirib. Ən çox zəlzələ ehtimalı olan ərazilər harda, hansı ölkədədir? Bəs görəsən, Bakıdakı çoxmərtəbəli binaların seysmoloji davamlılğını necə qiymətləndirmək olar? Paytaxtda ən çox neçə mərtəbəli bina tikmək olar?
Bu və digər suallarla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb:
“Əsas öz ərazimizdən danışaq - Azərbaycandan. Zəlzələlər çoxalıb, aktivlik artıb deyirlər. Aktivlik var düzdür, mən onu inkar etmirəm. Hər gün olur, bir sutka ərzində, məsələn, axşam saat 9-dan səhər saat 9-a kimi 37 təkan olub. Onların içərisində hiss olunanları da olur. Ermənistanda, Türkiyədə baş verən zəlzələrə gəldikdə isə, bu ölkələr seysmoaktiv bölgədə yerləşirlər, burda zəlzələlər olmalıdır. Düzdür, Türkiyədən fərqli olaraq Ermənistanda tektonik dərinlik qırılmaları çox aktivdir. Bizdə də elə aktivlər var, bizim bölgə üçün ən çox təkanlar Şamaxı bölgəsində olur. Digər bölgələrə nisbətən burda o qırılmalar daha aktivdir. Düzdür, Talış, Xəzər ərazisində də tez-tez olur, orda da aktivdir. Amma ümumiyyətlə zəlzələlər olmalıdır. Hər hansı periodda region üzrə, İranda da, Türkiyədə də, Ermənistanda da, Gürcüstanda da, Azərbaycanda da aktivləşmə gedir. Aktivləşmə bölgələrində müəyyən tsikl gedir, təkanların sayı da çoxalır”.
Q.Yetirmişli Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlı olub-olmaması məsələsinə münasibət bildirib:
“Bakıda intensiv tikintilər aparılır, təbii ki, bu tikintilərin layihələndirilməsindən öncə individual yanaşıb, onun seymsik bala uyğunluğunu müəyyən etmək lazımdır. Çünki Bakı ərazisi, Abşeron yarımadası geoloji quruluş nöqteyi-nəzərindən çox mürəkkəbdir. Burda layların yatımı, quruluşların səviyyəsi, laylarda pozulmalar- qırılıb düşmə, qırılıb qalxma, sürüşmələrin, qırılmaların olması yoxlanmalıdır, təpəliyi, dərəsi var, müəyyən böyük bucaq altında ərazilər var - burda tikinti aparmaq olmaz. Dünya praktikasında da, baş verən zəlzələlər göstərir ki, hər geoloji quruluşu mürəkkəb olan ərazidə ayrıca hər bina altında tədqiqat aparıb, orda hesabat açıqlanmalıdır. Bütün bunlar binanın layihələndirilməsindən öncə təqdim olunmalıdır.
Heç uzağa getməyək, qardaş ölkə Türkiyədə dalbadal baş verən zəlzələlərdə eyni layihələndirilmiş binaların arasında eyni mərtəbəli, eyni quruluşlu binaların arasında bir bina darmadağın olmuşdu. Niyə? Çünki dalğanın təsiri mürəkkəb quruluşa malik olan bina altında özünü başqa cür göstərib. Çünki evləri layihələndirən zaman eyni layihələndirmə aparıblar. Bu düzgün fikir deyil. Mən bunu türklərə də demişəm, razılaşıblar. Digər konfranslarda da fikrimi söyləmişəm”.
Mərkəz direktoru “Azərbaycanda hündür binalar tikilərkən Mərkəzin rəyi verilirmi, sizə müraciət olunurmu” sualını da cavablandırıb:
“Son vaxtlar heç kim bizimlə maraqlanmır. Bilmirəm, hazırda evləri hansı təşkilat tikir, hansı firma, hansı MMC tikinti işləri aparır. Özləri bilər. Əvvəllər maraqlanırdılar, son vaxtlar maraqlanmırlar, heç bilmirəm hazırda tikinti işləri gedirmi?! Biz əvvəllər rəsmi olaraq tədqiqat aparıb, hesabat verirdik. Binanın davamlığı maksimal neçə bala qədər ola bilər, onu biz göstərib hesabatda verirdik.
O ki qaldı bizdə binaların neçə mərtəbədən ibarət ola bilməsinə, əgər bütün normalara riayət olunarsa, konstruktiv elementlər nəzərə alınarsa, əlbəttə çoxmərtəbəli bina tikmək olar. Burda sütunların ölçüləri, bünövrənin necə qoyulmağından asılıdır, layihəçilər bilirilər ki, hansı ballıq zəlzələ üçün hansı tikinti elementlərindən istifadə etmək lazımdır. Bunlar yerində olsa, lap 60 mərtəbəli bina da tikmək olar. Onun heç bir problemi yoxdur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay