Azərbaycanda mənzillər niyə təmirsiz satılır? - Ekspert
Azərbaycanda yeni tikilən çoxmərtəbəli binalardakı mənzillərin əksəriyyəti satışa təmirsiz çıxarılır. Bu ənənə 20 ildən çoxdur ki, davam edir. Amma əksər ölkələrdə, o cümlədən Qazaxıstan, Türkiyə, Rusiyada mənzillərin təmirsiz, yəni yaşayışa hazır olmadan satılması qadağandır. Azərbaycanda mənzillərin təmirli satılması ilə bağlı təkliflər dəfələrlə irəli sürülsə də, bu məsələ mənzil tikinti kooperativləri (MTK) tərəfindən dəstəklənməyib.
Bəs, indiki şəraitdə mənzillərin təmir edilərək satılması nə dərəcədə səmərəlidir? Bu, alıcılar üçün əlverişlidirmi?
Daşınmaz əmlak sahəsi üzrə ekspert Rövşən Talıbzadə mənzillərin təmirsiz satılmasının alıcıların istəyi ilə bağlı olduğunu dedi. Onun fikrincə, tələbin forması MTK-ları təmirsiz mənzil satışını həyata keçirməyə sövq edir:
"Əvvəlki dövrlərlə müqayisədə hazırda mənzillərini təmirli satan MTK-lar çoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxartdığı və ya Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun Sosial Kirayə Müqaviləsi əsasında satdığı mənzillər tam təmirli təhvil verilir. Həmin mənzilləri MTK-ların özü təmir edir. Pilot layihələrdə də əvəzləşdirmə məqsədilə təqdim edilən evlərin hamısı tikinti şirkəti tərəfindən təmir olunur.
Amma əksər MTK sahibləri mənzilləri təmirsiz satmağa üstünlük verir. Çünki təmirsiz mənzillərə olan tələbat daha böyükdür. Məsələn, mənzilin satış qiyməti 1000 manatdır və 100 kv.metrlik mənzil yüz min manata satışa çıxarılır. Təmir olduqda əlavə 30 min manat xərc yaranır və ümumi qiymət 130 min manata qədər artır. Qiymətin təmirə görə bu qədər artması alıcıların sayının azalmasına səbəb olur. Elə alıcılar olur ki, imkanları olmur və mənzilləri aldıqdan sonra onun təmirini bir ildən sonra həyata keçirir. Təmirsiz mənzil ucuz olduğundan satışın likvidliyi yüksəlir”.
R.Talıbzadə qeyd etdi ki, alıcının zövqü də bazardakı satış formasına güclü təsirə sahibdir:
"Digər tərəfdən zövq məzələsini də nəzərə almaq lazımdır. Təmir bir çox hallarda ev almaq istəyənin zövqünə uyğun gəlmir. Divar kağızı, işıq yuvaları, hamam-tualet ləvazimatları alıcının xoşuna gəlməyə bilər. Buna görə də təmirli alınan mənzillər əksər hallarda sonradan təmir edilir. Bu isə əlavə xərc yaradır.
Həm də onu da nəzərə almaq lazımdır ki, mənzillərin daxili bölgüsü dəyişdirilir. Ailənin tərkibinə uyğun olaraq 2 otaqlı mənzil 3 otaqlı mənzilə dəyişdirilir və yaxud əksinə. Bu amillər də mənzillərin təmirsiz satışını zəruri edir”.
Ekspert hesab edir ki, mənzillərin təmirli və ya təmirsiz satılması məsələsi bazardakı tələbə uyğun olaraq tədricən dəyişə bilər. Onun qənaətincə, gələcəkdə təmirli mənzillərə tələb artarsa, MTK-lar da təmirli mənzillərin satışını artıracaq (Sfera).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay