Durğunluq olsa da, ucuzlaşma gözlənilmir
Əmlak sektorundakı durğunluq davam edir. Lakin qiymətlərdə hər hansı ucuzlaşma müşahidə olunmur. Ekspertlər bunu artan tələbat fonunda bazara çıxarılan mənzillərin azlığı ilə izah edirlər.
2024-cü ilin son aylarını yaşayırıq. Hazırda əmlak bazarında vəziyyət necədir? İllərdir mənzil sahibi olmaq istəyənlərin ümid yeri olan əmlak bazarı vətəndaşlara müsbət, yoxsa mənfi notlar vəd edir?
Ümumilikdə götürdükdə son dövrlərdə əmlak sektorunda alıcı durğunluğu nəzərə çarpır. Lakin eyni sözü əmlak qiymətləri üçün deyə bilmirik. Qiymətlər artmaqda davam edir.
“Bu ilin ilk yarısında qiymətlərdə 5-7 faiz artımlar oldu”
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, bu il əmlak qiymətlərinə bir neçə amilin təsiri müşahidə olundu: “Bu ildən etibarən ipoteka kreditlərinin sayı və həcmi azaldı. Nəticədə az da olsa, qiymət stabilləşməsi müşahidə olundu. Fevral və mart aylarından etibarən yenidən ipoteka kreditləri verilməyə başlayanda tələbi ödəməyən daşınmaz əmlak çatışmazlığı bazara qismən təsir etdi. Nəticədə bu ilin ilk altı ayında 5-7 faiz artım qeydə alındı. Bəzi sahələrdə torpaq sahələrinin az, lakin tələbatın yüksək olması da qiymətləri yüksəltdi. Eyni zamanda, tikinti şirkətlərinə verilən icazələrin az olması ilə bağlı onların əlində qalan məhdud sayda mənzillərin də qiymətində süni artım oldu”.
Bankların ipoteka resursları bitib
E.Azadov bildirdi ki, keçən illə bu il arasında qiymət cəhətdən cüzi artımlar olsa da, bazarda əsasən stabilləşmə hökm sürür: “Mənzil bazarında əvvəlki kimi ajiotaj yoxdur. Tələbələrin gəlişi və mötəbər tədbirlər fonunda bəzi qiymət artımları müşahidə olundu. Tikinti şirkətləri arasında rəqabət də o qədər çox deyil. Bu ilin sonuna kimi tikinti şirkətləri tərəfindən satışa çıxarılan mənzillərdə qiymət artımları az da olsa, müşahidə ediləcək. Satışa çıxarılan mənzillərin sayı az olsa da, oktyabrdan ipoteka ilə alınan evlərin sayı kəskin azalıb, çünki bankların ipoteka resursları demək olar ki, bitib”.
“Rəqabət artacaq və qiymətlər stabilləşəcək”
Ekspertin fikrincə, 2025-ci ilin əmlak bazarı üçün proqnoz vermək bir qədər çətindir: “Çünki tikinti şirkətlərinə bildirilib ki, ilin sonundan tikintilərlə bağlı sərəncamların verilməsinə başlanılacaq. Əgər icazələrin sayı artarsa, tədricən rəqabət də yüksələcək və qiymətlər stabilləşəcək. Əks halda, heç bir rəqabət olmayacaq, satışda olan mənzillərin qiymətləri də bahalaşacaq”.
“Yeni layihələr yoxdur, mənzillər də azdır”
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov isə düşünür ki, ötən illə müqayisədə bu il bazarda alıcılıq qabiliyyəti zəif olsa da, qiymətlər artan tempdə olub: “Tikinti şirkətlərinin xərclərinin artmasının mənzil bazarına təsiri hiss edilir. Həmçinin yeni layihələr də yoxdur. Satışda olan mənzillər də azdır. Bu da qiymətlərə təsir edir. Son 2-3 ayda mənzil bazarında ciddi durğunluqdur”.
“Kirayə üçün təklif olunan evlərin də sayı azalıb”
A.Nəsirov kirayə mənzil bazarındakı vəziyyətə də aydınlıq gətirdi: “Kirayə mənzil bazarında qiymətlər demək olar ki, hər gün bahalaşır. Əvvəl gündəlik 15-20 mənzil təkrar kirayə bazarına çıxırdısa, indi o rəqəm maksimum beşdir. Hər il bazara çıxarılan mənzillərin sayında azalma müşahidə edilir. Bu səbəbdən qiymətlər də yüksəlir. Hazırki dövrdə elan saytına yerləşdirilən kirayə mənzil maksimum 15-20 dəqiqədən sonra sahibini tapır”.
“MTK-lar bilərəkdən satışa az mənzil çıxarırlar”
A.Nəsirovun fikrincə, mənzil bazarında qiymət artımı ilin sonuna kimi səngiməyəcək: “Qiymət artımları noyabrdan sonrakı dövr üçün də davam edəcək. Çıxarışı olan mənzillərdə bu, daha çox müşahidə olunacaq. Çıxarışlı və ipotekaya yararlı mənzillərin qiymətinin artması bütün bazara təsir edir. Satışda olan mənzillər də azdır. MTK-lar özləri də bazara az mənzil çıxarmaq siyasəti yeridirlər. Bazara çıxardıqları mənzillərin qiymətlərini də yüksək təyin etdikdə, bu, ümumilikdə bazarda yüksək qiymətlər formalaşdırır”.
“Bina evlərinə tələbat daha yüksəkdir”
A.Nəsirovun sözlərinə görə, əvvəl insanlar daha çox həyət evləri alırdılarsa, indi vəziyyət xeyli dəyişib: “Həyət evlərinin sənədi olmadığı üçün artıq onlara maraq azalıb. Əksər insanlar bina evlərinə yönəlirlər. Daha çox mərkəzə yaxın ərazilərə tələbat olur ki, bu da qiymətlərə təsir edir. Təkrar satış bazarında da sənədli evlər daha yüksək qiymətə təklif olunur”.
“Qiymətlərin kəskin enişini gözləmək absurddur”
Müsahibimiz sonda qeyd etdi ki, əgər sənədsiz evlərlə bağlı düyün həll olunsa, qiymətlərdə dəyişiklikləri görə bilərik: “Bu ilin sonuna qədər sənədsiz evlərlə bağlı məsələlər öz həllini tapmalı idi. Həmin mənzillər də əmlak bazarına daxil olarsa, qiymətlərdə cüzi də olsa ucuzlaşma müşahidə ediləcək. Amma qiymətlərin kəskin enişini gözləmək absurddur. Çünki hazırda bütün dünyada həyat şəraitinin bahalaşdığı bir dövrdə bu, mümkünsüzdür”.
© Kaspi.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay