Qaz olmayan ərazilərdə bina tikməyə icazə varmı?
Şəhərin bir çox yerində bəzi mənzillərdə hələ də qaz xətti çəkilməyib. Sakinlər bunun əvəzinə elektrik enerjisindən istifadə edərək bütün məişət məsələlərini həll etməyə çalışırlar. Sakinlər həmin binalardan ev alır, onlara tezliklə qaz xəttinin də çəkiləcəyini bildirirlər. Ümumiyyətlə, qaz olmayan yerdə bina tikməyə icazə varmı?
Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, tikinti şirkətləri tikinti icazəsi alanda, sərəncamdan sonra həll etməli olduqları texniki şərtlər var. Həmin texniki şərtləri tikinti şirkətləri aidiyyəti dövlət qurumları ilə razılaşdırır. O texniki şərtlərdə elektrik, qaz, su və bütün kommunal istifadələr öz əksini tapır: “Texniki şərtlərin alınması ilə bağlı MTK və ya MMC aidiyyəti dövlət qurumuna müraciət edir. Dövlət qurumu layihə institutu onun üçün xüsusi layihə hazırlayır və həmin layihəyə əsasən oraya texniki xətt ayrılandan sonra təhvil-təslim prosesi olur.
Yəni, dövlət qurumu gəlib yoxlayır ki, düzgün layihəylə oraya qaz xətti çəkilib, yoxsa yox. Və çəkiləndən sonra onun sınağını keçirir. Artıq bina istismara gedən zaman həmin binalar qazla təmin olunur. Və onun bütün xərcini tikinti şirkətləri çəkir. Qaz xətti çəkiləndən, sayğaclar quraşdırılandan sonra isə yeni binalara qazın verilməsində müəyyən tələblər var. Bunun üçün lazımdır ki, binaya müəyyən qədər sakin yerləşsin. Ondan sonra həmin binaya qaz verilişi təmin olunsun. Keçmişdə adətən sakinlərin 50 %-nin köçməsindən sonra qaz verilirdisə, indi o tələb 20-30 %-ə enib. Çünki əvvəllər elə hallar olub ki, binalara az sakin köçüb, digər mənzillərdə işləyən ustalar qazı açıq qoyub və bu təhlükəsizlik qaydalarını pozub”.
Ekspert bildirdi ki, əgər binanın layihələndirmə işlərində qaza aid texniki şərt alınmayıbsa, müvafiq sənədləşmədən keçməyibsə, o binaya artıq heç vaxt qaz verilməyəcək:
“Lakin istisna hal ola bilər ki, qazın layihələndirməsi ilə bağlı şirkət dövlət qurumuna müraciət etsin, bu halda qaz verilə bilər. Məsələn, Masazırda “Qurtuluş 93” yaşayış kompleksində 20 mindən çox əhali yaşayır. Vaxtilə oraya qaz verilməmişdi və hər şey elektriklə nəzərdə tutulmuşdu.
Vətəndaşların istiliyini də qazanxana ilə təmin edirdilər. Qazın qiyməti bahalaşandan sonra isə kommersiya tarifi ilə satılmağa başladı. MTK artıq vətəndaşları qazla təmin etməyə başladı”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay