“Naxçıvan” hotelinin sökülməsini zəruri edən faktorlar
Bakı günü-gündən gözəlləşir, inkişaf edir. Bu inkişafa uyğun olaraq, yeni binalar inşa olunur, şəhərin siması müasirləşir. Lakin paytaxtın estetik mənzərəsini korlayan köhnə, qəzalı vəziyyətdə olan binalar da var.
Nəzərə alaq ki, həmin binaların bir çoxu həm də öz istismar müddətini başa vurub. Belə binaların əsaslı təmiri iqtisadi cəhətdən səmərəli deyil. Üstəlik, həmin binaların əksəriyyəti ətrafdakı tikililərlə təzad təşkil edir. Eyni zamanda, bu cür binalar qəzalı vəziyyətdə olduqları üçün insanların həyatı üçün də real təhlükə mənbəyinə çevriliblər.
Qəzalı vəziyyətdə olan “Naxçıvan” hoteli
Paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində yerləşən “Hyatt regency” kompleksinin “Naxçıvan” hoteli istismar müddətini başa vurmuş binalardan biridir. Bu bina ötən əsrin ortalarında inşa edilib və uzun illər mehmanxana kimi istismar edilib.
2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görüb. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdədir. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görə bilirik.
Əldə etdiyimiz məlumata görə, binanın zirzəmisi və daxili konstruksiyası yararsız vəziyyətə düşüb. Binanın əsas dayaqları ciddi zərər görüb, dəmir-beton konstruksiyası erroziyaya uğrayıb. Bir sözlə, binanın istismarının davam etdirilməsi ciddi təhlükə mənbəyinə çevrilib.
Ona görə də müvafiq qurumların lazımi tədbir görməsinin, yəni “Naxçıvan” hotelinin sökülməsinin vaxtı çoxdan gəlib-çatıb. Əks-təqdirdə ən yaxın zamanda xoşagəlməz hadisə ilə üz-üzə qala bilərik.
“Bina ən qısa zamanda sökülməlidir”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Fazil Mustafa bildirib ki, bu binanın uçma, dağılma təhlükəsi varsa, onda ən qısa zamanda bu hotelin sökülməsi barədə qərar qəbul edilməlidir:
“Bundan sonra, sökülmüş binanın yerində ətraf ərazilərin arxitekturasına uyğun inşaat işləri aparılmalıdır. O ərazidə nəyin və necə tikiləcəyi barədə fikir bildirməkdə çətinlik çəkirəm. Ona görə ki özəl mülkiyyətə yanaşma da həssas olmalıdır”.
“Naxçıvan” hoteli bərpa etmək mümkün deyil”
Məsələyə əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə qeyd edib ki, “Naxçıvan hotel”in dayaqları ciddi zərər görüb:
“Əsas sütunların dəmir-metal konstruksiyası beton örtüyündən ayrılıb. Nəticədə həmin konstruksiyalar hava ilə təmasdan ciddi zərər görüb. Belə vəziyyətdə həmin dəmir-beton konstruksiyaları bərpa etmək mümkün deyil. Əksinə, bu cür müdaxilələr əlavə risklər yaradır. Ona görə də hotelin sökülməsi artıq bir zərurətə çevrilib. Bu prosesə nə qədər tez başlanılsa, bir o qədər tez xoşagəlməz hadisələrdən sığortalanmış olarıq.
Eyni zamanda, yerləşdiyi ərazi baxımından “Naxçıvan” hotelinin söküntüsündən sonra, yerində yeni hotelin tikilməsi daha məqsədəuyğun olar. Keçmiş Bakı mehmanxanasının yerində “Hilton” hoteli, Abşeron mehmanxanasının yerində isə “Marriot Absheron” hoteli inşa edilib. Eyni təcrübə “Naxçıvan” hoteli ilə bağlı da tətbiq oluna bilər”.
Təbii ki, bu məsələdə əsas söz müvafiq dövlət qurumlarınındır. Çünki zəlzələ baxımından həssas bölgə olan Bakı şəhərində bu cür qəzalı binaların saxlanılması ancaq risk yaradır. Ona görə də müvafiq qurumlar ən qısa hotelə baxış keçirib, mövcud vəziyyət barədə qəti qərar verməlidirlər. Sonra gec ola bilər...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay