Bakıda təhlükəsizlik qaydalarına əməl olunmayan tikinti dayandırıldı (VİDEO)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.
FHN-dən Valyuta.az-a verilən xəbərə görə, bir neçə gün əvvəl ölkə mətbuatında Bakı şəhəri, Xətai rayonu, M. Mehdizadə küçəsi 2-4 ünvanında çoxmərtəbəli yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması və nəticədə həmin obyektin yaxınlığından keçən insanların həyatı üçün təhlükə yaranması barədə məlumat işıqlandırılıb.
Məsələ ilə əlaqədar dərhal FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Həqiqətən də "AzDTN 1.6-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın "Tikintinin təşkili” bölməsinin 4.6-ci maddəsində nəzərdə tutulmuş tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsi ilə bağlı tələbin tikintini həyata keçirən "İnşaat Konstruksiyaları” MMC tərəfindən təmin edilmədiyi və bununla da ətrafdakı insanların həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in mütəxəssisləri tərəfindən "İnşaat Konstruksiyaları” MMC-dən ətrafdakı insanların təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq tikinti işləri müvəqqəti dayandırılıb.
Şirkət tərəfindən qısa müddətdə ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görüldükdən, o cümlədən ərazi çəpərləndikdən, zəruri qoruyucu konstruksiyalar quraşdırıldıqdan sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay