Aktivlər balansda necə uçota alınmalıdır? - ŞƏRH
Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
Valyuta.Az xəbər verir ki, torpaqların icarədə və ya mülkiyyətə olmasından asılı olaraq onun sahiblərinin vergi öhdəlikləri yaranır. Eyni zamanda torpaq satılarkən vergiyə cəlb olunur.
Bəs bu məsələlər ayrı-ayrılıqda necə tənzimlənir?
Torpaqlar vergi uçotuna necə alınır?
Bu və digər suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib. Onun sözlərinə görə, mühasibat uçotu baxımından aktivlər balansda torpaq, tikili və avadanlıqlar adı altında uçota alınmalıdır:
“Tutaq ki, “AA” MMC-nin balansında 100 000 manatlıq binası vardır və bu binanın yerləşdiyi torpaq sahəsinin də dəyəri 11 000 manat təşkil edir. MMC mühasibat və vergi uçotu baxımından aktivləri aşağıdakı kimi uçota almalıdır:
Hər iki aktiv balansda torpaq, tikili və avadanlıqlar altında uçota alınacaq. Yəni, 100 000 manatlıq bina tikili olaraq və 11 000 manatlıq torpaq sahəsi isə torpaq olaraq uçota alınacaq. Binaya amortizasiya hesablanacaq, amma torpaq sahəsinə amortizasiya hesablanmır”.
Bəs vergi uçotu baxımından məsələ necədir?
Bunun üçün Vergi Məcəlləsinə müraciət etməliyik. Məcəllədə torpaq, tikili və avadanlıqlar altında olan bir açılışa, tərifə və ya bölməyə rast gəlinmir. Ancaq Vergi Məcəlləsinin 13.2.17.-ci maddəsində əsas vəsaitlərin açılışı verilib. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Maddəyə əsasən, yuxarıdakı misalda olan binanın əsas vəsait kimi qəbul olunduğunu deyən A.Cəfərov bunu həmin tikilinin dəyərinin 500 manatdan yuxarı olması və istifadə müddətinin 1 ildən çox olması ilə izah edib. Həmçinin, ona amortizasiya hesablanmadığını bildirib: “Amma torpaq sahəsinin istifadə müddəti müddətsiz, dəyəri 500 manatdan yuxarı olmasına baxmayaraq, onu əsas vəsait kimi vergi uçotunda qəbul etmək olmur. Çünki amortizasiya olunmur. Vergi Məcəlləsinin 114.2.-ci maddəsində göstərilib ki, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Odur ki, torpaq sahəsini vergi uçotunda digər maddi aktivlər kimi uçota almaq lazımdır”.
Bu məlumatların illik bəyannamələrdə əks olunmasına gəlincə, A.Cəfərov bildirib ki, illik mənfəət, gəlir, sadələşdirilmiş vergi bəyannamələrində torpaq sahəsi digər aktivlər sətrində qeyd edilməlidir. Yəni, ilin əvvəllinə qalığı, daxil olması, silinməsi, təqdim edilməsi və ləğv edilməsi bu sərtində yazılmalıdır.
“Tutaq ki, “AA” MMC mənfəət vergisi ödəyicisidir və 11 000 manat dəyəri olan torpaq sahəsini 20 000 manata satıb. Bu zaman həmin əməliyyat mənfəət vergisi bəyannaməsində necə qeyd edilməlidir?
Göründüyü kimi torpaq sahəsi əsas vəsait sayılmasa da digər amortizasiya olunmayan aktivlər kimi qəbul olunur. Ona görə də torpaq satışından əldə edilmiş 20 000 manat mənfəət vergisi bəyannaməsinin 202-ci sətrində “Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir” yazılmalıdır.Və torpaq sahəsinin balans dəyəri olan 11 000 manat isə bəyannamənin 219.2.-ci sətrində “Təqdim olunmuş (amortizasiya edilməyən) aktivlərin qalıq dəyəri” sətrində yazılmalıdır”.
Artıq 1 yanvar 2021-ci ildən torpaq sahələrini satan hüquqi şəxslər bu əməliyyatda sadələşdirilmiş vergi ödəyiciləri sayılmırlar. Onların bu əməliyyatları artıq mənfəət vergisinə cəlb olunan əməliyyat sayılır. Odur ki, satış zamanı bəyannamədə yazılışlar yuxarıdakı kimi olmalıdır.
Zeynəb Vəkil
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay