Xəzərin suyunun içməli suya çevrilməsi ilə bağlı yeni detallar - RƏSMİ
Xəbər verildiyi kimi 2023-cü il aprel ayında Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncama görə, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.
Sərəncamdan irəli gələn məsələlərin həlli bir neçə quruma, o cümlədən, İqtisadiyyat Nazirliyinə tapşırılıb.
Hazırda həmin layihə ilə bağlı işlər hansı mərhələdədir?
Valyuta.az xəbər verir ki, Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir:
“Bu məqsədilə 2023-cü ilin 12 aprel tarixində dövlət başçısı tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalanıb.
Bu istiqamətdə Sumqayıt şəhərində illik istehsal gücü 100 milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına qərar verilib. Layihənin məqsədi şirin su mənbələrinin şaxələndirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında içməli suya artan tələbatın təmin edilməsi, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünün azaldılması, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferinin stimullaşdırılmasından ibarətdir”.
Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən zavodun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi üçün potensial investorların seçilməsi məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elanı verilib:
“Müsabiqədə iştirak etmək üçün maraq bildirmiş şirkətlərə müvafiq ixtisas qiymətləndirməsi sənədləri göndərilmiş və ixtisas uyğunluğunu keçən şirkətlər müsabiqəyə dəvət alıb. Müsabiqə prosesi hazırda davam edir. Müsabiqənin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay