“Bakıya axının qarşısını almaq üçün yeni şəhər salınsın” - Təklif
“Azərbaycanda orta hesabla ildə bir yeni, tarixə düşə biləcək şəhər salına bilər”
Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.
Hər il rayonlardan gəlib paytaxtda məskunlaşanların sayı çoxalır. Kimisi bunun bölgələrdə işsizlik səviyyəsinin yüksək olmasında, bəziləri də şəhərdə sosial həyatın daha rəngarəng olmasını dilə gətirir.
Ekspertlər hesab edir ki, paytaxta axının qarşısını almaq üçün Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır. Regionların tarazlı və dinamik inkişafı təmin edilməlidir. Rayonlarda daha çox istehsal və emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün stimullaşdırıcı tədbirlərə, güzəştli kreditlərə böyük ehtiyac var. Bütün bu məsələlər öz həllini tapsa, bölgələrdən paytaxta axın da azalar.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov “Yeni Müsavat”a deyib ki, hazırda Azərbaycanın ən ciddi və yaxın gələcəkdə həll olunması zəruri olan problemlərindən biri şəhərsalma və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi məsələsidir: “Bu problem Azərbaycanın bugünkü imkanları daxilində lazımi səviyyədə həll olunmur. Doğrudur, son illərdə qəbul olunmuş və müvəffəqiyyətlə yerinə yetirilən regionların inkişafı proqramları bu istiqamətdə bəlli irəliləyişlərə gətirib, amma bu, Azərbaycanın bugünkü inkişaf sürətinə cavab vermir. 90-cı illərin başlanığıcında məqalələrimin birində yazmışdım ki, Azərbaycanda orta hesabla ildə bir yeni şəhər salına bilər: tarixə düşə biləcək memarlıq inciləri ilə zənginləşdirilmiş bir şəhər. Amma müstəqillik illərindən bəri hələ bir dənə də olsun yeni şəhər salınmayıb. Problem üzrə çatışmazlıqlar isə bunlardır. Birincisi, məhsuldar qüvvələrin qeyri-bərabər yerləşdirilməsi: bu gün ölkənin ümumi məhsulunun təqribən beşdə dördü Abşeron iqtisadi rayonunda yerləşdirilib ki, bu da əhalinin əsas hissəsinin Bakıda cəmləşməsinə gətirib çıxarıb, paytaxtın sürətli inkişafına və gözəlləşməsinə baxmayaraq, burada yaşayış dözülməz hala gəlib. Belə davam etsə, yaxın zamanlarda, ümumiyyətlə, Bakıda vəziyyət gərgin olacaq.
İkincisi, əvvəldə qeyd etdiyim kimi, müstəqillik illərində ölkədə yeni şəhər salınmamışdı. Kəndlərin, rayonların inkişafında bir sıra tədbirlər görülməsinə baxmayaraq ciddi irəliləyiş nəzərə çarpmır. Tarixi faktlara da əsaslansaq, bir çox liderlər tarixə yeni salınan şəhərlərlə, memarlıq əsərləri ilə düşüblər. Bizdə də belə şəhərlərin salınması üçün həm zərurət yaranıb, həm də maddi imkanlarımız yetərincədir.
Bundan əlavə, məhsuldar qüvvələrin qeyri-bərabər yerləşdirilməsi yalnız paytaxtın şişirdilməsi ilə nəticələnmir, həm də digər regionların inkişafdan qalması və uyğun olaraq o bölgələrin böyük ehtiyatlarının istifadəsiz qalmasına gətirib çıxarır.
Buna görə də bu istiqamətdə ciddi işlər görülməsi məqsədəuyğundur. Orta bir şəhərin salınması təqribən 5 milyard dollar vəsait tələb edir, bundan da düzgün təşkil olunduğu halda yalnız 1 milyardı dövlətin payına düşə bilər. Qalanını özəl sərmayənin cəlb olunması ilə səfərbər etmək olar. Həm qədim şəhərlərin bərpası və həm də yeni məskənlərin salınması bu işdə düzgün yol hesab oluna bilər. Misal üçün, Bərdə, Qobustan, Oğuz kimi şəhərlərin yenidən salınması gözəl nəticə verə bilərdi. Bütün dəniz boyu Nabrandan Astaraya qədər sahildə onlarla şəhərin yeri var və bu həm də turizmin sürətlə inkişafını təmin edə bilər. Eyni zamanda dağ kurortlarının inkişafı ilə uyğunlaşdırılaraq dağlıq bölgələrdə gözəl şəhərlər salmaq olar. Hər ildə bir şəhər prinsipi ilə ölkənin müxtəlif bölgələrində şəhərlər 21-ci əsrdən Azərbaycan tarixinə ciddi töhfə ola bilərdi. Hər halda, dünya azərbaycanlılarının cəlb olunması, vətəndaşlığı olmayanlara vətəndaşlıq verməklə işi çox sürətləndirmək olar. Dünya azərbaycanlılarında böyük kapital və bir çox digər imkanlar var".
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə dedi ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində hazırda respublikamızın müxtəlif rayonlarında geniş abadlıq-quruculuq işləri aparılır: “Həmçinin sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilir. Vurğulanmalıdır ki, regionların inkişaf strategiyası sənədlərinin qəbulu ilə ardıcıl icrası arasında düz mütənasibliyi qorumaq mühüm əhəmiyyət kəsb edir. Sənədlərin icrası üzrə uğurlu nəticənin əldə olunması burada qeyd edilən istiqamətlərin müvafiq sahə üzrə məsul dövlət qurumları tərəfindən doğru-düzgün icra edilib-edilməməsi ilə birbaşa bağlıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay