“Naftoqaz” SOCAR ilə Azərbaycan qazının Ukraynada saxlanması mümkünlüyünü müzakirə edir
Ukraynanın "Naftoqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya mümkün tranziti və bu ölkənin ərazisində saxlanması ilə bağlı danışıqlar aparır.
Report xəbər verir ki, bunu "Naftoqaz"ın baş direktoru Aleksey Çernışov Ukrayna nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev Rusiyanın “Qazprom” şirkəti ilə bu ilin dekabr ayının sonunda başa çatacaq 5 illik tranzit sazişini yeniləmək niyyətində deyil. Nəticədə gündəlik 42 milyon kubmetr Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırıla bilər.
A.Çernışov əlavə edib ki, Azərbaycan qazının Ukrayna ərazisindən mümkün tranziti Bakı ilə müzakirə olunur və SOCAR istehsalçı kimi öz qazını bu məqsədlər üçün təklif edə bilər.
“Biz başqa şirkətlərlə, SOCAR-la danışıqları istisna etmirik. Lakin bizim yekun müqavilə qərarlarımız yoxdur. Bizim tərəfimizdən əməkdaşlıq üçün məcburi şərt SOCAR-ın Ukrayna anbarlarında qazın saxlanmasını təmin etməsidir”, - şirkətin baş direktoru bildirib və bu məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda o, hesab edir ki, SOCAR Ukraynada nə qədər çox qaz saxlamağa razı olarsa, bu, bir o qədər yaxşıdır.
“SOCAR qazı bizdə saxlasa, şad olaram. Anbarlarımız 31 milyard kubmetr həcmlə Avropanın ən böyük anbarlarıdır. Öz ehtiyaclarınız üçün anbarların yarıdan çoxuna ehtiyac yoxdur. Digər hissə isə gəlir əldə etmək üçün icarəyə verilməlidir. İndi qazın Ukrayna ərazisində saxlanması qərarına bu ilin mart, aprel və may aylarında anbarların kütləvi şəkildə atəşə tutulması kimi müəyyən amillər təsir edir”, - A.Çernışov bildirib.
“Naftoqaz”ın rəhbəri tranzit qazının Rusiyaya məxsus ola biləcəyi ilə bağlı suala belə cavab verib: “Bu, manipulyasiya və populizmdir. Xüsusilə iri qaz biznesi çox vaxt svop vasitəsilə fəaliyyət göstərir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay