Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək
Azərbaycanda FM radioyayımlar əsasən paytaxt ərazisində yayımlanıb və bölgələrdəki əhalinin milli radio proqramlarını qəbuletmə imkanı məhdud olub.
Valyuta.az xəbər veri ki, bunu “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, qeyd edib ki, FM radioyayım avadanlıqları parkının müasirləşdirilməsinə, radioyayım infrastrukturunda müəyyən təmir-bərpa işlərinin görülməsinə ehtiyac yaranıb:
"Həmçinin bəzi stansiyalarda elektrik enerjisi təsərrüfatı köhnəldiyi üçün dayanıqlı enerji təminatı vacib bir məsələyə çevrilib. Bütün bu amillər FM radioyayım şəbəkəsinin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün kompleks həll tələb edir.
Sözügedən Sərəncamın məqsədi məhz buna yönəlib. Belə ki, radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla milli radioların bütün ölkə ərazisində yayımının təmin olunması və bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi Sərəncamdakı mühüm məqamlardan biridir".
O, bildirib ki, bu layihə çərçivəsində həm də yeni texnologiyaların istifadəsi nəzərdə tutulub:
"Qurulmaqda olan Radio Data Sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitəsi bir bölgədən digər bölgənin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyədək mövcud olan tezliklərin dəyişməsi, radiosiqnalın itməsi kimi problemləri aradan qaldıracaq.
Sərəncamın icrası ilə bağlı hazırda intensiv işlər görülür. Bu işlər çərçivəsində artıq nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar quraşdırılıb. Hazırda sınaq yayımları və texniki-tənzimləmə işləri aparılır. Aparılmış radiomonitorinqlər bu yayımların keyfiyyətli təşkil edildiyini göstərir. Yaxın aylar ərzində işlərin tam başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində yeni ayrılmış tezliklərin qonşu ölkələrlə və beynəlxalq səviyyədə koordinasiyası davam etdiriləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay