Nəqliyyat və infrastruktur layihələri çərçivəsində əməkdaşlıq möhkəmlənir
İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin başçısı Mixail Mişustinin iştirakı ilə intensiv və əhatəli danışıqlar aparıldı. Bu gün biz Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə əldə olunan razılaşmaların inkişafının bir neçə istiqamətləri üzrə müzakirələr keçirdik. Birinci mövzu – bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bizim üçün çox əhəmiyyətli olan iqlim gündəliyi oldu. Bu, iqlim və iqtisadi məsələlərin paralel müzakirə edildiyi böyük konfransdır. Orada enerji resurslarının əlçatan olması, ticarət baryerləri və əlbəttə, Paris Sazişinin yerinə yetirilməsi məsələləri müzakirə ediləcək. Biz burada həmkarlarımızla ekspertlər səviyyəsində daimi danışıqlar aparır, mövqeləri razılaşdırırıq.
Valyuta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Rusiyalı nazir deyib: “Biz inkişaf etmiş bazarların, inkişaf etməkdə olan ölkələrin, karbohidrogen ixracatçılarının və texnologiya təchizatçılarının çox fərqli maraqları arasında kompromis tapmaq üçün əsas əlaqələndirici kimi Azərbaycanın qarşısında duran çətin vəzifəni başa düşürük. Ona görə də burada dialoq və daimi ünsiyyətin olması vacibdir”.
COP29-un uğuruna əminliyini ifadə edən Maksim Reşetnikov qeyd edib ki, Rusiya tərəfi Azərbaycana lazımi dəstəyi göstərməyə hazırdır. O, turizmin ikinci mühüm istiqamət olduğunu deyib: “Biz turizm məhsullarımızın iki ölkənin bazarlarında qarşılıqlı təbliği, ödəniş məsələlərinin həlli, bizi birləşdirən Xəzər dənizinin turizm potensialından birgə istifadə edilməsi ilə bağlı bir sıra addımlar planlaşdırmışıq”.
Maksim Reşetnikov “onun üçün çox mühüm olan” Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü üzərində xüsusi dayanıb. O vurğulayıb: “Biz qarşılıqlı sərmayə və ticarət sahəsində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etdik, çünki ticarət həcmimiz artır, mürəkkəbləşir və bir çox məsələlərlə bağlı suallar yaranır. Ona görə də biz, xüsusən də nəqliyyat dəhlizləri ilə bağlı məsələlər üzrə çox intensiv, olduqca konstruktiv müzakirə apardıq. Çox zəngin gündəm ölkələrimiz arasında iqtisadi əlaqələrin mütərəqqi və çox fəal inkişafını əks etdirir və bu, təbii ki, dövlətlərimizin vətəndaşlarının rifahının yaxşılaşdırılmasına təkan verir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay