“İstanbulda dəniz tıxacdır, biz niyə Xəzərimizi boş saxlamışıq?” - Elşən Musayev
“Bu gün ölkənin ən böyük problemlərindən biri tıxacdır və məlum problemin çözülməsi istiqamətində Xəzər dənizindən ictimai nəqliyyat kimi istifadənin iqtisadi rentabelliliyini və sosial faydalılığını mütləq nəzərdən keçirməliyik. Yararlanmalıyıq, təbiətin bizə verdiyi fürsətdən. Hə, perspektivdə velosiped və xüsusi avtobus yollarının çəkilməsi də kifayət qədər cəlbedici görünə bilər. Amma qısa müddətdə reallaşması mümkün olan ən optimal variant düşünürəm ki, Xəzər dənizindən istifadədir”.
Valyuta.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentdə keçirilən büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, xərc də böyük deyil, dövlət də çox yüklənməyəcək: “Sadəcə 5-6 dayanacaq limanı ərsəyə gətirməklə Əhmədlini, Günəşlini, Bakı kəndlərini, Sumqayıtı və digər sahilyanı zonaları rahat bir şəkildə mərkəzlə koordinasiya etmək mümkündür.
Ortada qardaş Türkiyə, konkret olaraq İstanbul nümunəsi var. Dənizinə baxırsan, az qala tıxacdır. Maksimum istifadə edirlər, bəhrələnirlər. Vapurlar taksilərin, ictimai və hətta şəxsi nəqliyyatın belə yükünü yetərincə azaldıb. Biz bunu niyə etməyək ki? Bom-boş qalıb Xəzərimiz. Gün ərzində 1 saatdan bir dövr edən (o da isti havalarda) “gəzinti turu” yaxtasından savayı, gözə heç nə dəymir. Hərgah, həm istirahət, həm zövq, həm yenilik baxımından gəmi nəqliyyatı insanlar üçün nə qədər maraqlı ola bilər”.
Elşən Musayev əlavə edib ki, məlum təklifin realizəsində bəzi məqamlar çətinlik yarada bilər: “Bunu da istisna etmirəm. Məsələn, Bakının küləkli şəhər olması, dəniz dərinliyinin bəlli istiqamətlərdə istismar tələblərinə nə qədər cavab verməsi, bütün mövsümlərdə iqlimə uyğun fəaliyyət göstərə biləcək gəmilərin varlığı, yetərliliyi və s. Amma mən əminəm ki, ilkin addımlar atılsa, hər şey yaxşı olacaq. Hətta gələcəkdə özəl sektorun da bu sahəyə cəlb olunması tamamilə mümkündür”.
©Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay