Yeni Baş plan Bakının problemlərini həll edəcəkmi? (ŞƏRH)
Xəbər verdiyimiz kimi, artıq Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aydiyyatı dövlət qurumları ilə razılaşdırılıb və təsdiq təqdim edilib. Ona əsasən, Bakıda sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq, yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq.
Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.
Valyuta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, bu planlama orta və uzunmüddətli dövrdə müasir çağırışlara uyğun təşkil edilməlidir:
“Meqapolislərdən söhbət gedirsə, təcrübə göstərir ki, ən kiçik icma həyatının qurulmasına qədər belə planlama aparılmalıdır. Uzun müddət Bakıda bu istiqamətdə xaotik yanaşma tərzi hökm sürüb, baxmayaraq ki, müxtəlif inkişaf planları da olub. Amma onun tətbiqi və nəzarətin düzgün təşkil edilməməsi şəhər həyatının və infrastrukturun qeyri-adi platformalaşmasına və hazırkı nöqsanlı halların meydana çıxmasına gətirib çıxarıb. Baş planda dayanıqlı inkişaf elementləri, şəhərin kənarlara doğru genişlənməsi, azad zonaların, insanların asudə vaxtını keçirmək üçün ərazilərin ayrılması, yaşıllıq zonalarının artırılması, binaların arxitektur göstəricisinin relyef, geoloji vəziyyət və sosial həyatın tələblərinə uyğunlaşdırılması, standartların tətbiqi məsələsi geniş yer alırdı”.
Həmsöhbətimiz Baş planda qarşıya qoyulacaq məsələlərin reallaşması üçün müvafiq keyfiyyətli nəzarətin təmin edilməsini vacib bildi:
“Bu istiqamətdə mərkəzləşdirilmiş idarəetmə yanaşmasının tətbiqi nəzərdə tutulur. Növbəti dövrdə xaotik məskunlaşma və urbanizasiya təzyiqlərinin yaratdığı çıxılmaz halların qarşısını almaq üçün bu gündən etibarən planın nəzərədə tutulan səviyyədə, müdaxilə olmadan, gələcəkdə geriyə doğru dəyişikliklər edilmədən icra edilməsi təmin edilməlidir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay