"Qarabağla yanaşı, digər bölgələr də diqqətdən kənarda qalmamalıdır" - İqtisadçı
"İşğaldan azad edilən ərazilərin bərpası üçün bu məbləğ kifayət deyil. Buna baxmayaraq, ayrılan böyük məbləğdir".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli 2024-cü ildə “işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə münasibət bildirərkən deyib. Ekspert 30 illik işğal dönəmində Ermənistanın həmin bölgələrə 100 milyard dollardan çox zərər verdiyini vurğulayıb:
"Bu baxımdan, həmin ərazilərin bərpası mərhələli şəkildə həyata keçirilməlidir. Bu bizim gələcək iqtisadi siyasətimizin prioritet istiqaməti olacaq. Hər il büdcədən kifayət qədər məbləğ ayrılır. Bu günə kimi 7 milyard manata qədər məbləğ ayrılıb. Bölgələrin bərpası üçün gələn il artıq bu rəqəm 10 milyard olacaq”.
Eyyub Kərimli hesab edir ki, Qarabağla yanaşı, Azərbaycanın digər bölgələri də diqqətdən kənarda qalmamalıdır:
“Sosial istiqamətdə xərclərimizi daha da optimallaşdırmalıyıq. Düşünürəm ki, büdcə xərcləri optimallaşmalıdır və tarazlı iqtisadi inkişaf ölkədə təmin edilməlidir. Bu baxımdan, işğaldan azad edilən bölgələr iqtisadiyyata reinteqrasiya olunur. Orada da tarazlı inkişaf tədricən bərpa olunacaq. Gələn ildən xərclərin tarazlı və optimal şəkildə bölüşdürülməsi prosesi baş verəcək”.
Qeyd edək ki, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, “işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə 2024-cü ildə 3825,0 mln. manat vəsait ayrılıb. Bu 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 mln. manat və ya 20,3% azdır.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay