"Özəl sektorun prosesə qoşulması dövlətin yükünü azaldacaq" - Ekspert
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində dövlət səviyyəsində bir sıra işlər görülür. Dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitlər ilbəil artır. Amma nədənsə yerli özəl sahibkarlar Qarabağ iqtisadi zonasına sərmayə yatırmağa hələlik elə də maraq göstərmirlər. Bu istiqamətdə özəl sektorun aktivliyi müşahidə edilmir.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, yerli özəl sektorun Qarabağın yenidən qurulmasında aktiv iştirak etməməsi onların istehsal sahələri üzrə müvafiq təşəbbüslərdə bulunmaq səriştəsi və bacarıqların məhdudluğu ilə bağlıdır:
"Dövlət başçısı dəfələrlə yerli sahibkarları azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərinə vəsait qoymağa, sahibkarlıq fəaliyyətilə məşğul olmağa dəvət edib. Dövlət büdcəsindən həmin ərazilərdə aparılan işlərə böyük miqdarda vəsait ayrılıb. Əvvəlki illərdə bunun üçün 2,2 milyard manat ayrılıb. Bu il üçün isə 3 milyard manat ayrılıb. Növbəti ildə bu rəqəm daha çox olacaq. Ona paralel olaraq özəl sektorda çalışan sahibkarlar da prosesdə aktiv olmalıdırlar. Onların prosesə qoşulması ilə dövlətin yükü də azalar".
Ekspert bildirir ki, yerli sahibkarlar bu günə qədər əsasən gözləmə mövqeyi tutub:
“Xankəndində bayrağımız qaldırıldıqdan sonra isə ərazidə qeyri-sabitlik ehtimalları sıfıra yaxınlaşır. Yerli sahibkarlar faktiki olaraq müəyyən ideya və fəaliyyət proqramları ilə prosesə məqsədli şəkildə qoşulmalıdır. Amma sahibkarlarımız hələ də əsas üstünlüyü ticarətə, nəyisə alıb, satmağa üstünlük verir. Lakin istehsal yönümlü təşəbbüsdə bulunan sahibkarlarımız çox azdır. Yerli sahibkarların azad edilmiş ərazilərimizə geniş axınının müşahidə olunmaması da məhz bu amillə bağlıdır. Yerli sahibkarların istehsalla bağlı müvafiq təşəbbüsdə bulunmaq səriştəsi və bacarığı məhduddur. Ona görə də onları bu məsələdə qınamaq olmur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay