Bakı metrosunda on yeni güclü ventilyator istifadəyə verilib - FOTO
“Bakı “Metropoliteni” QSC-nin stansiyalarında ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır. İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir.
Bu barədə Valyuta.az-a QSC-dən məlumat verilib.
Bildirilir ki, avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib.
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir.
Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir.
Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb.
Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib.
İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay