BP ilə işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək – Pərviz Şahbazov
“Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək”.
Energetika Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, bu fikri nazir Pərviz Şahbazov bu gün Zəngilan-Cəbrayı bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsinin imzalanması mərasimində səsləndirib.
“Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız bp ilə bu gün imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq”, - deyə P.Şahbazov vurğulayıb.
“Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq”.
Bu fikri isə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz səsləndirib.
Onun sözlərinə görə, növbəti onillik ərzində bp dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır:
“Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay