Energetika Nazirliyi BP ilə Qarabağda GES sahəsində əməkdaşlığa başlayır
Azərbaycan Energetika Nazirliyi ilə BP Zəngilan-Cəbrayı bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini həyata keçirəcəklər.
Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, bu gün tətərflər arasında bu layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.
Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
Qeyd edək ki, İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Energetika Nazirliyi və bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da imzalanmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay