Azərbaycanda niyə yerli sosial şəbəkə yaratmaq mümkün olmur?
Telegram-ın yaradıcısı Pavel Durovun həbsindən sonra bu şəbəkəyə olan inam da azalmağa başlayıb. Whattsapp və Instagram-a isə inam daha əvvəlcədən azalmaqda idi. Bütün bunlar Azərbaycanın yerli sosial şəbəkəsinin yaradılmasına gətirib çıxara bilərmi? Ölkəmizdə bunun üçün lazımi şərait mövcuddurmu?
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, Telegram-ın yaradıcısının həbsi sosial şəbəkənin etibarlılığını azaltmadı.
Onun sözlərinə görə, bir sosial şəbəkənin etibarlılığının azalması dedikdə bu, bir neçə şəkildə başa düşülə bilər:
“Əgər qara işlərlə məşğul olan insanlar orada özlərini gizlədə bilirlərsə, bu həmin sosial şəbəkənin həm mənfi, həm də müsbət cəhətidir. Biz baxırıq ki, silah, narkotik və digər illeqal məhsulların satışı ilə məşğul olan şəxslər bu şəbəkəni etibarlı hesab edirlər. Çünki Telegram şəxslərin məlumatlarını paylaşmır. Sosial şəbəkələr beynəlxalq hüquq və standartlarla fəaliyyət göstərirlər. Onlar əslində öz platformalarında baş verən insidentləri məhkəmələrə təqdim etməlidirlər. Amma burada müəyyən problemlər var. Telegram özü elektron razılaşmasında bunu bəyan etsə də, əməkdaşlıq etmir, korporativ sirr kimi saxlayır. Bu sirləri hansısa şəxsə, yaxud dövlətə vermir”.
E.Abbasov bildirib ki, ölkəmizdə dəfələrlə sosial şəbəkə yaradılması üçün addımlar atılsa da, bunlar uğurlu olmayıb:
“Buna dəfələrlə cəhd olunsa da, istənilən nəticə əldə olunmadı. Bu istiqamətdə böyük investisiyalar da qoyuldu ki, Azərbaycanda yerli sosial şəbəkə formalaşsın. Burada əsas mövzu insanlarən kütləyə çıxmaq istəməsidir. Azərbaycanda internetə çıxışı olan kütlə çox olmadığı üçün sosial şəbəkə yarada biləcək mühit qura bilmirik. Çünki sosial şəbəkə dünyəvi olmalı, bütün ölkələrdən qatılanlar olmalıdır. Bir ölkənin daxili sosial şəbəkəsi olması üçün kifayət qədər geniş nüfuz lazımdır. Təəssüf ki, Azərbaycanın sosial şəbəkəyə çıxış seqmenti 6 milyondur. Bu təkrar saydır, yəni sosial şəbəkədə olan ortalama profil sayıdır. Burada fake profillər, təkrar profillər və digər nüanslar var. Bu nüanslar nəzərə alındıqda bu say 3 milyona enəcək. Bu da milli sosial şəbəkənin yaradılması üçün münbit şərait yaratmır. Sosial şəbəkə istifadəçiləri adətən geniş kütləyə çıxmaq istəyirlər. Bu səbəbdən də ölkəmizdə dəfələrlər yaradılmağa cəhd edilən sosial şəbəkələr uğursuz oldu. Gələcəkdə yeni konsepsiya ilə çıxış etsək, bəlkə də sosial şəbəkə yaratmaq şansımız ola bilər. Amma sırf yerli sosial şəbəkə yaratmaq istəyiriksə, məncə bu insanları o qədər də cəlb etmir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay