Uşaqların texnologiyada qabiliyyətli olduğunu müəyyən etmək yolları
Araz Əhmədov
İnformasiya texnologiyaları üzrə mühəndis
İndiki rəqəmsal dövrdə bəzi valideynlər yüksək tələbat və gəlirli karyera perspektivləri səbəbindən övladlarını İnformasiya Texnologiyalarına (İT) yönəltməyə maraqlı olurlar. Bununla belə, hər bir uşaq texnologiyanı bacarıq və maraqlarına uyğun tapa, eləcə də tapmaya bilər. Məhz bu məqamda uşaqların erkən yaşda texnologiyaya marağının müəyyən edilməsində uşaqların oyuncaqlarla davranışları və bu davranışlara əsaslanan bəzi bacarıqların valideyn tərəfindən müşahidə edilməsi çox vacibdir:
* Əgər uşaq tapmacaları sevirsə və bir-birinə uyğun gələnə qədər "puzzle" ilə oynamaqdan həzz alırsa, bu, onun problemi həll etmə bacarığının göstəricisi ola bilər;
* Əgər uşaq kitabçadakı addımları izləyərək fiqur oyuncaqlarla əşyalar qura bilirsə, demək məntiqi düşünməyi yaxşı bacarır;
* Əgər uşaq kompüter və ya planşetdə rəsm çəkməyi sevirsə, o, rəqəmsal incəsənət və ya sadə proqramlar yaratmağa maraqlı ola bilər;
* Əgər uşaq asanlıqla təslim olmursa, dirənirsə və uğur qazanana qədər cəhd etməyə davam edirsə, bu əzmkarlıq onu gələcəkdə İT infrastruktur layihələndirmə yönümlü edə bilər.
Tövsiyələr:
* Riyaziyyat İT sahəsində tikinti fiqurları kimidir ki, uşağı güclü təməl qurmaq üçün riyazi oyunları oynamağa və əyləncəli riyazi tapmacaları həll etməyə həvəsləndirmək lazımdır;
* Uşağa müxtəlif idman və ya hobbiləri kəşf etməyə maraq yaradıldığı kimi, İT-nin də müxtəlif sahələrini mərhələli şəkildə kəşf etməyə marağı yaratmaq lazımdır. Belə ki, uşaq robot, rəqəmsal incəsənət yaratmağı və ya sadə proqramlar hazırlamağı xoşlaya bilər;
* "LEGO Mindstorms" və ya "RasPi" kimi dəstlər uşağa öz yaradıcılığını qurmaq və proqramlaşdırmaq, öyrənməni interaktiv və əyləncəli etmək imkanı verir;
* "Minecraft" kimi oyunlar əsas proqramlaşdırma anlayışlarını öyrədir və uşağa problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Beləliklə, texnologiyaya marağı kəşf etməyə kömək etmək istiqamətində, onun oyuncaqlarla davranışını, ən çox hansı oyuncaqları sevdiyini və həzz aldığını izləməklə, eləcə də texnologiyanı araşdırmağa maraq imkanı verməklə, ona öz yolunu tapmaqda kömək edə bilərsiniz. Ancaq unutmayaq ki, hər bir uşaq unikaldır və məqsəd istər İT, istərsə də başqa bir sahə olsun, əsas ona ən çox istədiyini tapmaqda dəstək olmaqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay