2024-cü ildə gerçəkləşəcəyi gözlənilən elmi və texnoloji hadisələr
Ay missiyalarından biotexnologiyada yeni inkişaflara, texnoloji irəliləyişlərdən Günəş tutulmalarına qədər 2024-cü il özü ilə bərabər elm sahəsində bir çox yeniliklər gətirəcək.
Valyuta.az xəbər verir ki, “Discover” jurnalı 2024-cü ilin ən çox gözlənilən elm hadisələrini sıralayıb.
Günəş tutulması
2024-cü il aprelin səkkizdə baş verəcək Günəş tutulması dünyanın bəzi yerlərini dörd dəqiqə 27 saniyəyə qaranlığa qərq edəcək. Tam tutulmaya yaxın olan Günəşdə "od halqası" forması görünəcək. Tutulma ən aydın şəkildə Şimali Amerikada görünəcək.
“Vera C. Rubin Rəsədxanası” fəaliyyətə başlayır
Dünyanın ən böyük rəsədxanalarından biri olan “Vera C. Rubin Rəsədxanası” bu ilin dekabrında fəaliyyətə başlayacaq. Çilidəki rəsədxana 10 il ərzində 3200 meqapiksellik kamera ilə Cənub yarımkürəsinin səmasını izləyəcək. Tədqiqat nəticəsində əldə edilən məlumatlar “Süd Yolu”nun xəritəsinin tərtibi üçün istifadə olunacaq.
“Europa Clipper” xidmətə hazırdır
NASA-nın “Europa Clipper” missiyası bu ilin oktyabrında başlayacaq. Yupiterə gedəcək kosmik gəmi, planetin peyklərindən biri olan Avropanın səthinin altında nə olduğunu araşdıracaq. Alimlər Avropanın altında donmuş okeanın olduğundan şübhələnirlər. Bununla belə, kosmik gəminin Yupiterə nə vaxt çatacağını 2030-cu ilə qədər öyrənmək mümkün olmayacaq.
Aya səyahətin 55 illiyi
2024-cü il bəşəriyyətin Aya enişinin 55-ci ildönümüdür. Apollo 11 astronavtları Nil Armstronq və Buzz Aldrin 24 iyul 1969-cu ildə Aya endi və peykdə 21 saat 36 dəqiqə qaldılar.
“Lucy” Yerin yaxınlığından keçəcək
NASA-nın 2021-ci ildə buraxılan “Lucy” kosmik gəmisi 2024-cü il dekabrın 13-də Yerin yaxınlığından keçəcək. Gəmi Yupiter ətrafında fırlanan səkkiz asteroidi müşahidə etmək və günəş sisteminin necə əmələ gəldiyini anlamaq üçün nəzərdə tutulmuşdu.
“Hera” kosmosa göndəriləcək
Avropa Kosmik Agentliyinin “Hera” kosmik gəmisi 2024-cü ilin oktyabrında orbitə buraxılacaq. Yer kürəsini böyük meteoritlərdən qorumağın ən yaxşı yolunu tapmağı qarşısına məqsəd qoyan “Hera”, NASA-nın bir meteoritin istiqamətini dəyişdirməyi hədəfləyən “Dart” missiyasının nəticələrini də təhlil edəcək.
Avropa superkompüterdən istifadəyə keçəcək
Avropa 2024-cü ildə yeni superkompüter sistemi “Yupiter”dən istifadə etməyə başlayacaq. Kompüter sistemi elm və sənayedə süni intellekt tətbiqlərinin istifadəsini təmin etmək üçün hazırlanmışdır. Sistem alimlər, bəzi sənayelər və Avropa ictimaiyyəti üçün açıq olacaq. “Yupiter”in emal sürətinə çatmaq üçün Yer üzündəki hər bir insan dörd il ərzində hər saniyədə bir hesablama aparmalı olacaqdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay