Almaniyada İT təhsili planlayanların bilməli olduğu nüanslar
Almaniyada işləyən azərbaycanlı Miri Yusifli Valyuta.az üçün yazır...
İlk olaraq Almaniyaya təhsil üçün gəldikdə universitet mühitinin Azərbaycandakı təhsil mühitindən tamamilə fərqli olduğunu bilmək lazımdır. Ən əsas fərqlər dərslərin strukturu, müəllim və tələbə münasibəti və təbii ki imtahanlardır.
Semestr ərzində heç kəs tələbənin tapşırıqları edib-etmədiyini, dərslərdə iştirak edib-etmədiyini yoxlamır. Ümumiyyətlə, dərslərdə davamiyyət məcburiyyəti yoxdur. Bütün yük tələbənin üzərindədir. Tələbə özü hər şeyi əvvəlcədən planlamalıdır. Təhsil zamanı İT-nin hansı sahəsi ilə bağlı dərslər götürəcəyinə, hansı dərsi hansı semestrdə götürəcəyinə böyük ölçüdə tələbə özü qərar verir. Universitet və müəllimlər sadəcə tələbənin təhsil planın bir parçasıdır və ona yardım etmək üçün var. Buna görə də Azərbaycandan gəldikdə müəyyən qədər planlı olmaq, nə istədiyini bilmək lazımdır. Bunun üçündə ilk addım gəlməmişdən öncə yaxşı araşdırma etmək, universitetlərin sillabusu ilə yaxından tanış olmaq lazımdır.
Almaniyada İT təhsili istəyirsinizsə, bakalavr təhsili üçün gəlmək çox daha məqsədə uyğundur. Çünki bakalavr təhsili nisbətən magistr təhsilindən ağır olsa da, təməl bilikləri çox daha dərindən öyrətdiyi üçün sonda nəticəsi də daha yaxşı olur. Magistr və ya bakalavr təhsili olmağından asılı olmayaraq İT təhsili üçün gəldikdə öncədən mütləq ən azı 1 proqramlaşdırma dilini bilmək təhsil zamanı çox yardımçı olacaq. Çünki burada məktəblərdə proqramlaşdırma tədris olunur və bakalavr təhsilinə başlayan yeni tələbələr belə müəyyən qədər proqramlaşdırma bilir. Buna görə də dərslər bu səviyyəyə uyğun tədris olunur.
Bəzi imtahanlar zamanı müəllimlər tələbələrə imtahan zalına kitab, not dəftəri kimi dərs resurslarını da keçirməyə icazə verirlər. Çünki sualların cavabı bir çox hallarda birə-bir kitabda olmur. Sualı cavablandırmaq üçün bir neçə mövzunun müxtəlif hissələrini bilmək, başa düşmək və suala müxtəlif prizmadan baxmaq lazım olur. Ona görə də imtahanlarda mövzunu tam başa düşmək, öyrəndiklərini necə tətbiq etmək mühüm rol oynayır.
Universitetin tərkibində və ya kiçik startaplarda İT tələbələri üçün iş imkanları da kifayət qədərdir. Tələbə olaraq həftəlik 20 saat işləyərək maddi xərclərinizi qarşılaya bilərsiniz. Ancaq bunun üçün də hazırlıqlı olmaq, öncədən lazımı biliklərə yiyələnmək lazımdır.
Ən əsası təhsil zamanı təhsilin bitməsi üçün tələsmək əvəzinə, maksimum dərəcədə universitetin resurslarından istifadə etmək lazımdır. Yaxşı təhsil, yaxşı karyeranın başlanğıcıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay