Azərbaycanda internet xidməti çox keyfiyyətsizdir – SƏBƏBLƏR AÇIQLANDI
"Bizdə on illərdir ki, internet qiymətləri və sürət eynidir”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında internet texnologiyalatı üzrə ekspert Vahid Qasımov Sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə "Speedtest Global Index” indeksinin məlumatını şərh edərkən deyib.
O bildirib ki, məhz bu səbəbdən bütün dünya qabağa gedərkən Azərbaycan yerində sayır:
"Gördüyü kimi, biz yaxşı bir yerə malik deyilik. Hərçənd bizdə vəziyyət yaxşı da ola bilərdi. Bunun səbəbləri var. Bizim infrastrukturla əlaqədar çox ciddi problemlər var. Vaxtı ilə Rabitə Nazirliyi tərəfindən bütün rayonların optik xətlərlə təchiz olunduğu barədə məlumatlar verilmişdi, amma hazırda reallıq ondan ibarətdir ki, bütün rayonlarda özəl provoyderlər çıxarılıb və bütün internetlə əlaqədar olan xidmətləri nazirliyin nəzdində olan provoyderlər həyata keçirir. Azad rəqabət olmadığına görə, aydın məsələdir ki, keyfiyyətli xidmət göstərilməsi kimi bir qaydaları yoxdur. Onsuz da bunlardan başqa provoyderlər yoxdur və onsuz da bütün pulları bunlar yığır. Buna görə də keyfiyyətlə əlaqədar ciddi problemlər var. Bu, heç də təəccüblü deyil”.
Vahid Qasımov həmçinin sabit internetlə əlaqədar həm də prosedural problemlərin olduğunu vurğulayıb:
"Məsələn, evə internet qoşmaq üçün məcbur bir şəkildə ayaqla sənədlərlə birlikdə telefon qovşağına gedib orada ərizə yazmaq lazımdır. Biz 2021-ci əsrdəyik və çox rahatlıqla bunu onlayn şəkildə həyata keçirə bilərik. Vətəndaş onlayn müraciət etməklə onun interneti qoşula bilər. Amma bununla bağlı prosedur sadəcə düşünülməyib, heç bir həll yoxdur və buna görə də biz geridəyik".
Qeyd edək ki, sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə "Speedtest Global Index” indeksi açıqlanıb: Sabit internet sürətinə görə Azərbaycan 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb, mobil internet sürətinə görə isə 137 ölkə arasında 66-cı yeri tutub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay