\"Neftin qiyməti gələn həftə 60 dollardan aşağı düşsə...\" - Ekspertdən proqnoz
Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin Süveyş kanalında saya oturması dünya iqtisadiyyatına milyonlarla dollar ziyan vurdu. Əsas yükü neft və neft məhsulları olan gəminin bir neçə gün kanalda ilişib qalması çox qəribə nəticələr verdi. Süveyş kanalındakı hadisədən sonra neft qiymətlərində 5 faiz artım qeydə alınsa da, sonra bu anidən 2 faizə düşdü. Birjalarda və neft qiymətlərindəki bu dalğalanmalar nə qədər davam edəcək?
Valyuta .Az-a açıqlama verən qlobal iqtisadi proseslər üzrə ekspert Azər Balamedov bildirib ki, neft maliyyə aktivi olduğu üçün onun qiyməti bir başa fond indeksləri ilə, fond indekslərinin qiyməti isə birbaşa koronavirusa bağlıdır.
“Söhbət ondan gedir ki, brend markalı neft artım tempində qalır. Hazırda neftin qiyməti 63-64 dollar arasındadır. Bu da normaldır. Əgər yaxın gələcəkdə neftin qiyməti bir neçə həftə möhkəmlənə bilsə, artım trendi yenidən bərpa oluna bilər. Neftin qiyməti gələn həftə 60 dollardan aşağı düşsə, o zaman neft qiymətlərində 55 dollara qədər düşüşlərin şahidi ola bilərik. Süveyş kanalındakı hadisə neft qiymətlərinə fors-major təsir göstərdi. Təsadüfi hadisə olsa da, sistemli xarakter daşıyır. Bir müddət öncə Yaponiyada neft emalı zavodundakı yanğınlar, Səudiyyə Ərəbistanında “Saudi aramko” şirkətinin bazalarına dron hücumlarını nəzərə alsaq, burda təbii amillərdən söhbət getmədiyini anlamaq olar. Süveyş kanalındakı hadisə dünya iqtisadiyyatına güclü siqnal verdi ki, artıq alternativ yolların yaranması lazımdır”,- deyə ekspert vurğulayıb.
Bir çox ekspertlərin neft qiymətləri ilə bağlı bədbin proqnozlarına baxmayaraq, Azər Balamedov hesab edir ki, artım trendinin qüvvədə olduğunu görürük və 70-72 dollara qədər artım ola bilər.
“Lakin müəyyən şərtlər əsasında. Süveyş kanalında baş verən hadisələr qısa müddətli fundamental hadisələrdir və əsas bazarlara qısa müddətdə təsir edir. Bazarlara orta və uzun müddətdə təsir edən amil ABŞ-ın aparıcı fond indeksləridir. S&P-500” , Dow Jones və texnoloji fond indeksi olan Nasdakda korreksiyalar olduqca neftin qiymətində də korreksiyalar baş verir. Neft maliyyə aktivi olduğu üçün onun qiyməti birbaşa fond indeksləri ilə bağlıdır. Fond indekslərinin qiyməti isə birbaşa koronavirusa bağlıdır”.
Ekspert qlobal pandemiyanın süni şəkildə indekslərə təsiri barədə də danışıb.
“Covid-19-la bağlı qeyri-müəyyənliklər bir xeyli problemlər yaradır. Peyvəndlərin istehsalı, bölüşdürülməsi, çatdırılması yeni bir mərhələyə qədəm qoyub və dünyanın güclü dövlətlərini rəqabətə salıb. Bu rakursdan baxanda fond indeksləri lazımi səviyyəni saxlaya bilmir. Bundan əlavə stimullaşdırma proqramları da indekslərin müəyyənləşməsində rol oynayır. Bazar gözləntilərlə yaşadığı üçün fond indeksləri yeni stimullaşdırma proqramları olmayana qədər korreksiyaya uğrayacaqlar, onlarda da artım trendləri qalmaqdadır. Yaxın zamanlarda S&P-500, Dow Jones və Nasdakda yeni maksimumlar qeydə alınacaq, bu da neftin qiymət artımına səbəb olacaq.
İqtisadçı bildirib ki, 2008-ci ildən fond indeksləri müntəzəm artışdadır və Covid-19 özü də fond indekslərinə xidmət edir. Məqsəd varlıların daha da varlanması, kütlənin daha da kasıblaşdırılmasıdır. Yəni insanlar öz əlləri ilə pullarını başqalarına transfer edirlər.
“2019-cu ilin mart ayından bu yana fond indekslərində rekordlar qeydə alınır. Məqsəd böyük kütlənin pulunun kiçik bir kütləyə transfer edilməsidir. Yəni milyarderlərə. ABŞ-da milyarderlərin, trilyonerlərin (burda bir neçə şirkət və holdinqlər nəzərdə tutulur) ümumi varidatı 3,5 trilyondan 5 trilyona qədər artıb, dünyadakı milyarderlərin varidatı 8,7 trilyondan 13 trilyona qalxıb. Yəni belə bir tendensiyaların fonunda fond indekslərinə yeni stimullaşdırma proqramları daxil olacaq. Onlar yüksəkdə saxlanılmalıdır ki, idarə edən güclərin gücünə güc qatılsın. Bu zaman əsas hədəflərdən biri dünyada inflyasiyanı işə salmaqdır. 20-25 faizlik inflyasiyaların olmasını hədəfləyirlər. FED-in iclasında bildirildi ki, lazımi dərəcədə inflyasiyanı işə salacaqlar. Bunun üçün fond ideksləri, maliyyə aktivləri yuxarıda olmalıdır, xammal, əmtəə bazarlarında yüksək qiymətlər müşahidə olunmaldır və olunur. Bütün bunlar eyni zamanda bank sektoru ilə bağlıdır. Aparıcı mərkəzi banklar faiz dərəcələrini 0 faizdən yuxarıda saxlaya bilmirlər və inflyasiya tələb edirlər. İnflyasiya üçün əmtəə qiymətlərinin böyük olması vacibdir. Bu plan həyata keçərsə, neftin qiymətində artım və bu da öz növbəsində bütün məhsul və xidmətlər üzrə qiymət yüksəlişinə səbəb olacaq” .
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay