Rusiya Avropaya göndərilən qazın miqdarını azaltdı
Rusiya, Ukrayna üzərindən Avropaya qaz tədarükünə dair razılaşmanın başa çatmasına bir gün qalmış, Avropaya göndərilən qazın miqdarını azaltdığını elan edib.
Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, Rusiyanın "Qazprom" enerji şirkəti razılaşmanın bitəcəyi 1 yanvar tarixindən əvvəl, Avropaya 42,4 milyon kubmetr əvəzinə cəmi 37,2 milyon kubmetr qaz ötürəcəyini bildirib.
Son dəqiqədə yeni bir razılaşma əldə olunmazsa, Rusiya və Ukrayna arasında 5 illik qaz tədarükü razılaşmasının müddəti başa çatacaq və Avropaya bu xətt üzərindən qaz tədarükü yeni ilin ilk saatlarından etibarən dayandırılacaq.
Rusiya prezidenti Vladimir Putin 26 dekabr tarixində verdiyi açıqlamada, Ukrayna üzərindən qaz tədarükü üçün bu il ərzində yeni bir razılaşmanın əldə olunması üçün vaxt olmadığını bəyan etmişdi.
Ukrayna razılaşmanı rədd edir
Ukrayna, bəzi Avropa ölkələrinin təzyiqlərinə baxmayaraq, müharibə səbəbindən Rusiya ilə yeni razılaşma imzalamağı rədd edir. Bu qərarla Ukrayna, Rusiyadan ildə 800 milyon dollarlıq tranzit ödənişindən imtina etmiş olacaq. Rusiyanın "Qazprom" şirkəti isə Ukrayna vasitəsilə həyata keçirdiyi təxminən 5 milyard dollarlıq qaz satışını itirəcək.
Ən çox Slovakiya təsirlənəcək
Ukrayna üzərindən qaz axınının dayanması qonşu Moldova üçün böyük zərbə olacaq. Avropa İttifaqı ölkələri arasında isə ən çox Slovakiyaya təsir edəcək.
Slovakiya baş naziri Robert Fiko, Ukraynanın Rus qazının tranzitini dayandıracağı halda, Ukraynaya qarşı əks tədbirlər görəcəyini bəyan edib. Slovak lider, Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmaqla təhdid edib.
Slovakiyanın iqtisadiyyat nazirliyi isə ölkənin Ukraynadan tədarükün kəsilməsi səbəbilə qaz çatışmazlığı yaşamayacağını bildirib. Bununla belə, açıqlamada vəziyyətin maliyyə təsirinin olacağı və qaz şirkətlərinin alternativ tədarük marşrutları üçün 177 milyon avro əlavə ödəniş etməli olacağı qeyd olunub.
Rus qazı Avropaya "Türk Axını" ilə çatdırılacaq
Ukraynanın qonşusu olan Macarıstan isə Qara dənizdən keçən "Türk Axını" boru xətti vasitəsilə cənubdan Rusiya qazı almağa davam edəcək.
Ukraynadakı müharibə və Avropanın alternativ mənbələrə yönəlməsi nəticəsində, bir vaxtlar dünyanın ən böyük qaz ixracatçısı olan "Qazprom", 2023-cü ildə 7 milyard dollar zərərə uğrayaraq 1999-cu ildən bəri ilk dəfə ili zərərlə başa vurmuşdu. Rusiya qazının Avropaya tədarük edildiyi "Yamal-Avropa" və "Şimal Axını" boru xətləri istifadəsiz qalmışdı. Hazırkı vəziyyətdə 1 yanvar tarixindən etibarən Rus qazının Avropaya çatdırılmasında yalnız "Türk Axını" xətti fəaliyyət göstərəcək.
Ucuz Rusiya qazı tədarükünün azalması, Avropa üçün böyük iqtisadi yavaşlamaya, inflyasiyanın artmasına və həyat bahalığının yüksəlməsinə səbəb olmuşdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay