“OPEC+” nazirlərinin 15-ci iclası başlayıb
OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 15-ci toplantısı videokonfrans formatında keçirilir.
Valyuta.az xəbər verir ki, iclasda hasilatın artırılması barədə qərarın müzakirəsi gözlənilir. Neft bazarında diqqət “OPEC+”un qəbul edəcəyi qərara yönəlib.
Qeyd edək ki, dünən Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 28-ci iclası, martın 30-da isə “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclası keçirilib.
Xatırladaq ki, martın 5-də Azərbaycan “OPEC+” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib. Bu qərarla Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq.
Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 milyon barrel artırılması, “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 milyon barrelədək yumşaldılması razılaşdırılmışdı.
Bu çərçivədə “OPEC+” ölkələri nazirlərinin cari ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel azaldılmasına qərar verilib.
JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay