Neftin qiyməti ucuzlaşır – BİRJA
Dünya bazarında neft qiymətləri səhərkı artımın ardından günortadan sonra enişə keçib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib.
WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.
Treyderlərin diqqəti OPEC+ sövdələşməsinə yönəlib. Bu gün axşam saatlarında OPEC+ Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası keçiriləcək, alyans yekun qərarı aprelin 1-də OPEC+ razılaşmasının bütün ölkələrinin iclasında verəcək.
Ticarət iştirakçıları həmçinin ABŞ-ın bu gün açıqlanacaq ötən həftə üzrə kommersiya ehtiyatları statistikasının necə dəyişəcəyini də gözləyirlər. Analitiklər ardıcıl altıncı həftə artım olacağını proqnozlaşdırır. Amerika Neft İnstitutu (API) isə ehtiyatların 3,9 milyon barel artacağını gözləyir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay