"Mərkəzi Bankın üzərində nəzarət olmalıdır"
“Əksər ölkədə bu təcrübə var. Bankların fəaliyyətinə ciddi nəzarət edilməlidir ki, özbaşınalıq olmasın”
“Mərkəzi Bank və digər bank inzibatçıları qanun pozuntularına görə məsuliyyətə cəlb olunmalıdırlar”
Parlamentin dünənki iclasında deputat Fəzail Ağamalı Mərkəzi Bankın sədri Elman Rüstəmovu tənqid edib. F.Ağamalı E.Rüstəmovu bank sistemini məhv etməkdə təqsirləndirib: “İllərdir yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan, başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədi”.
Millət vəkili qeyd edib ki, cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib: “50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik uğursuzluğa düçar olanda, kreditin ödənişini gecikdirəndə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakını dərhal məhkəmənin hökmü ilə müsadirə edirlər. Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var?”.
Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında söyləyib ki, sözügedən mövzunun parlamentdə müzakirəsi təqdirəlayiqdir:
“Amma bank sistemindəki problemlər parlamentin zamanında lazımlı qərarlar qəbul etməməsi ilə də bağlıdır. Yəni dövlət başçısı 2004 və 2014-cü illərdə tapşırıq verib ki, bank məcəlləsi hazırlansın. Lakin indiyə qədər hazırlanmayıb. Qanunları qəbul edən qurum Milli Məclis deyil? Fəzail Ağamalı isə 2004-cü ildən qabaq da parlamentin üzvüdür. Niyə bu təşəbbüslə çıxış etməyib? Əslində bank qanunvericiliyinin özündə çox problem var. Bunu tam məsuliyyət hissi ilə deyirəm. Hər şeyin kökü qanunlardakı boşluqlardadır. Yalnız Elman Rüstəmovun günahı yoxdur. Qanunvericilikdəki çatışmazlıqları da nəzərə almaq lazımdır”.
İqtisadçının sözlərinə görə, ölkəmizdəki sahibkarlar və banklar özlərini əmin hiss etmirlər:
“Onlar əmin olmalıdırlar ki, mülkiyyətləri qanunsuz olaraq əllərindən alınmayacaq, bazarda onlarla sağlam rəqabət aparacaqlar. Əks təqdirdə məhkəmə onların haqqını cəld, qanuni və peşəkar qaydada müdafiə edəcək.
Lakin ölkəmizdə bu məsələ zəifdir. Ona görə də Azərbaycanda bank faizləri yüksəkdir. Günahın müəyyən hissəsi parlamentdədir. Məhəkəmə -hüquq sistemi sahəsində qanunlar qənaətbəxş deyil.
Təbii ki, bank sisteminin də günahı çoxdur. Azərbaycan bank sistemində köklü islahatlar aparılmalıdır. Burada isə ilk olaraq qanundan başlamaq, bank məcələsini qəbul etmək lazımdır. Mərkəzi Bankın üzərində nəzarət olmalıdır”.
Bu gün Ölkə başçısının bütün dövlət şirkətlərində müşahidə şurası təsis etdiyini vurğulayan Ə.Həsənovun fikrincə, yaxşı olardı ki, belə şura Mərkəzi Bankda da olsun:
“Əksər ölkədə bu təcrübə var. Bankların fəaliyyətinə ciddi nəzarət edilməlidir ki, özbaşınalıq olmasın. Mərkəzi Bank və digər bank inzibatçılarının qanun pozuntularına görə məsuliyyətə cəlb olunması üçün cəzalar sərtləşdirilməlidir. İndiyə kimi Cahangir Hacıyev və bir neçə bankirdən başqa heç kim məsuliyyətə cəlb edilməyib. Əlbəttə, belə olduqda ölkədə cəzasızlıq sindorumu yaranır. Bu işlərin görülməsi vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay