Sığorta bazarının problemləri: Bu il üçün gözləntilər - ŞƏRH
Sığorta şirkətlərinin fəaliyyətinin gəlirliliyi əhalinin maddi vəziyyəti ilə bilavasitə bağlıdır. İcbari sığorta növlərindən istifadə qaçınılmaz olsa da, könüllü növlərə insanların marağı ölkədə baş verən ümumi iqtisadi-sosial dalğalanmalardan və fərdlərin yaşayış səviyyəsindən asılı olaraq dəyişir.
“Report” pandemiyanın sığorta növlərinə, sığorta şirkətlərinin fəaliyyətinə göstərdiyi təsir və bu il üçün sığorta bazarı üzrə gözləntilərlə bağlı sığorta mütəxəssislərinin fikirlərini öyrənib.
"Bonus-malus sistemi ləğv olunmalı və bu məsələyə yenidən baxılmalıdır"
“Günay Sığorta" şirkətinin sığorta agenti Şahin İsmayılov “Report”a verdiyi açıqlamada könüllü sığorta növləri üzrə geriləmənin olduğunu bildirib:
“İcbari sığorta növlərinə pandemiyanın heç bir təsiri yoxdur. Çünki bu sığorta növləri məcburidir. Ona görə də bu sahədə azalma yoxdur. Azalma əsasən "Yaşıl Kart" sistemi və "Səyahət" sığortası üzrədir. Könüllü sığorta növləri üzrə isə azalmalar var. Bazarda müəyyən hegemon şirkətlər vardı ki, bazar payının əsas hissəsi onların əlində yığılmışdı. Hazırda bu faiz bölgüsündə diqqətə çarpan bir dəyişiklik yoxdur”.
Ş.İsmayılov icbari növlər üzrə sığorta haqlarının artırılmasının vacibliyini vurğulayıb:
“Komissiya haqlarının dəyişilməsi hələ ki, gözlənilmir. Çünki bu məsələ qanunla tənzimlənir. Sığorta haqları isə, xüsusən icbari sığortalar üzrə mütləq artırılmalıdır. Məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə tətbiq edilən bonus-malus sistemində bonus hissəsi artıq 45 %-ə çatıb. Belə olan halda sığorta şirkətləri yığmalı olduqları sığorta haqqının yarısını itirirlər. Sürücülər bonuslarından istifadə edir, yəni onlara verilən 45 % endirimi alırlar. Amma qəza törətmiş olan və malus üzrə sığorta şirkətinə əlavə ödəniş etməli olan sürücülər başqa bir şəxsin adına icbari sığorta müqaviləsini sənədləşdirməklə bundan məharətlə yayınırlar. Odur ki, bonus-malus sistemi ləğv olunmalıdır və bu məsələyə yenidən baxılmalıdır. Ümumiyyətlə sığorta haqqının yığılmasında hər hansı bir endirim olmamalıdır. Digər tərəfdən avtonəqliyyat vasitələrinin təmir haqları qalxır. Bir neçə il öncə eyni zədəyə görə ziyan min manat olurdusa, bu gün həmin məbləğ üç min manatdır. Ehtiyat hissələrinin qiyməti və usta xərcləri də çox yüksəkdir. Sığorta şirkətlərinin maliyyə vəziyyəti çox aşağıdır. Onlar az yığım edir, çox xərcləyirlər”.
Ş.İsmayılovun fikrincə, sığorta bazarının özünün əvvəlki formada bərpa etməsi ölkədə baş verəcək ümumi iqtisadi dirşəlişə bağlıdır:
“Pandemiya bitərsə, bazar özünü çox sürətlə bərpa edəcək. Sərhədlər açılsa səyahat sığortaları çox sürətlə satılacaq. Bir çox iş yerlərinin fəaliyyətini dayandırması insanların maddi gəlirlərini azaltdığı üçün könüllü sığorta növlərinə maraq azalıb. İqtisadi dirçəliş olacaqsa, sığorta sahəsi özünü böyük sürətlə bərpa edəcək. Bu istiqamətdə bütün gözləntilər iqtisadi dirçəlişə bağlıdır”.
"Pandemiya davam edərsə belə, bu il həm könüllü, həm də icbari sığorta növləri üzrə artım gözlənilir”
Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov isə bildirib ki, ötən il sığorta bazarında artım qeydə alınıb:
“2020-ci ildə həm sığorta yığımları, həm də sığorta ödənişlərində artım oldu. Buna səbəb həyat sığortası şirkətləri tərəfindən edilən sığorta ödənişləri oldu. Əgər sığorta müqaviləsi bağlanandan 3 və ya 5 il sonraya qədər sığorta hadisəsi olmursa, həyat sığortası şirkətləri həmin müddətdən sonra yığdıqları məbləği vətəndaşa geri qaytarır. Həyat sığortası şirkətlərinin bir neçə il bundan öncə yığdıqları vəsaitləri 2020-ci ildə vətəndaşlara geri qaytarmaları sığorta ödənişlərində böyük məbləğli artımlara səbəb oldu. Ötən il daşınmaz əmlakın icbari sığortası üzrə bağlı böyük sıçrayışlı yığımlar oldu. Lakin sığorta ödənişlərinin həcmi sığorta yığımlarından 10 dəfə az qeydə alındı. Bu, o demək deyil ki, sığorta hadisələri baş vermədi. Bu, o deməkdir ki, sığorta şirkətləri daha xəsis oldular və ona görə də ötən il sığorta ödənişlərində mübahisəli məsələlər yarandı. Nəticədə bu ilin yanvar ayının statistikasında biz sığorta yığımlarının azalmasının, sığorta ödənişlərinin isə artmasının şahidi olduq”.
Ekspert bu il üçün proqnozları ilə də bölüşüb:
“Güman edirəm ki, bu il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı 100 %-lik stabil vəziyyət olacaq. Çünki cərimələnmə mexanizmi şəffaf olduğuna görə bu növ üzrə yığımlar 100 % olur. Vətəndaşın başqa çıxış yolu olmadığından avtonəqliyyat vasitəsini sığorta etdirir. Daşınmaz əmlakın icbari sığortasına gəlincə isə, sığorta şirkətləri vətəndaşlara normal formada sığorta ödənişləri etsələr, bu növ üzrə sığorta yığımları da artacaq. Ötən il şirkətlər az ödəniş etdiyi üçün hazırda insanlar daşınmaz əmlakın icbari sığortasına şübhəli münasibət bəsləyir və buna getməkdən çəkinirlər.
Torpaqlarımızın işğaldan azad edilməsi və dövlətimizi ərazisinin genişlənməsi, işğaldan azad edilən yerlərdə tikinti-quruculuq işlərinin aparılması onu deməyə əsas verir ki, sığorta şirkətləri də bu proseslərdə aktiv olacaq və öz məhsullarını təqdim edəcəklər. Bu isə sığorta yığımlarına daha yaxşı formada təsir göstərəcək. Hətta pandemiya davam edərsə belə, bu il həm könüllü, həm də icbari sığorta növləri üzrə artım gözlənilir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay