Restoranlarda 20-25 %-lik “servis haqqı” - Bu, nəyə görə müəyyənləşir?
Uzun müddətdir ki, bir çox restoranlarda servis haqqı alırlar. Bunu müştəriyə olunan xidmətin dəyəri kimi hesablayırlar. Restoranların çoxunda bu məbləğ ümumi hesabın 10 %-i qədər olur. Bəzi restoranlarda isə bu servis haqqı 20-25 %-ə qədər qalxa bilir. Bu da ümumi hesabın çox şişməsinə gətirib çıxarır. Məsələn, müştərilər 500 manatlıq sifariş üçün 100 manat əlavə “servis haqqı” ödəməli olurlar.
Bəs əslində “servis haqqı” nə qədər olmalıdır?
Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə deyir ki, restoranların təklif etdiyi xidmətlər fərqli olduğu üçün servis haqqı da fərqli olur. Bu, restoranın müştərilərə nələr təqdim etməsindən asılı olaraq dəyişir: “20 % və daha yüksək servis haqqı alan restoranlarda müxtəlif şou proqramlar təşkil olunur. Amma həmin servis haqqından əlavə menyuda şou üçün alınan pulu da qeyd etmək lazımdır. Məsələn, 10 faiz servis haqqıdırsa, 10-15 %-də şou proqram üçün alına bilər, amma bu da eynilə servis haqqında olduğu kimi menyuda müştərilərin açıq şəkildə görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Bu məsələlərdə heç bir qadağa olmadığı üçün restoranlar qiymətləri sərbəst müəyyənləşdirir. Bu, bütün dünyada belədir. Ona görə də, qiymət və servis haqqı məsələsində restoranlara qadağa qoyula bilməz. Amma yenə də dediyim kimi bunu müştərinin görə biləcəyi yerdə qeyd etmək lazımdır. Sonrakı qərar müştərinindir, istər həmin restorandakı xidmətlərdən istifadə edər, istər istifadə etməz”.
Restorator onu da bildirdi ki, bu, bütün dünyada belədir:
“Dünyada belə bir təcrübə var ki, 5-25 % arası servis haqqı alınsın. Amma servis haqqında nəzərdə tutulan faiz personala çatmalıdır. Bizdə elə restoranlar var ki, servis haqqını personala vermir. Bununla yanaşı, elə yerlər də var ki, personal maaş almır, yalnız servis haqqı ilə pul qazanır. Digər tərəfdən baxanda təbii ki, personala sərf edir ki, müştəri öz ürəyindən keçən “çay pulu”nu versin. Servis haqqı olan zaman müştəri çay pulu vermir. Və həmin servis haqqı personala çatmalıdır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay