Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın” təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı su ehtiyatlarından səmərəli istifadə prosesini tezləşdirəcək və differensiallaşdıracaq. Strategiyaya görə, 2024-2027-ci illərdə sudan istifadənin müxtəlif istehlakçılar arasında istifadəsinin, tarif tənzimlənməsinin başa çatdırılması, eyni zamanda, tariflərin differensiallaşdırılmasına keçid ilə bağlı müxtəlif mexanizmlərin işlənib hazırlanması planlaşdırılır.
Bunu AZƏRTAC-a Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı şərh edərkən iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Ekspertin sözlərinə görə, kənd təsərrüfatı sahəsində müasir texnologiyalardan istifadə etməklə daha qənaətli su həcmi ilə optimal məhsul istehsalının reallaşdırılmasını təmin etmək mümkün olacaq. Samir Heydərov vurğulayıb ki, kənd təsərrüfatı sektorunda yağış sularından da istifadə etməklə daha rəqabətqabiliyyətli məhsul istehsalını həyata keçirmək olar.
“Misal üçün qeyd etməliyik ki, Niderlandda 1 kiloqram pomidor becərdilməsinə 7 litr su istifadə olunur. Oranın kənd təsərrüfatında yağış suyundan geniş istifadə edilir. Bu iqtisadiyyat “recycle economy” adlanır yəni “geri dönüşüm iqtisadiyyatı”. Sərəncamda “su ehtiyatlarından səmərəli istifadə” dedikdə, həmçinin sudan istifadənin differensialaşdırılması prinsipi də öz əksini tapır. Belə ki, müxtəlif sahələr üzrə suyun tarifləri də fərqli olacaq. Tutaq ki, ev təsərrüfatları üçün bir tarif, istehsal və ya xidmət sahəsi üçün başqa bir tarif tətbiq olunacaq. Eyni zamanda, su ehtiyatları bol olan regionlarla su ehtiyatları qıt olan regionlar arasında fərqli tariflər tətbiq ediləcək”, - deyə S.Heydərov vurğulayıb.
İqtisadçı-ekspert onu da qeyd edib ki, ölkəmizdə kifayət qədər su ehtiyatları var: “Ölkənin su ehtiyatlarının 30 faizi işğaldan azad olunmuş ərazilərimizdə yerləşir. Əhəmiyyətli fakt ondan ibarətdir ki, işğaldan azad olunmuş torpaqlardakı su ehtiyatlarımız öz mənbəyini ölkə daxilində formalaşdırır. Burada söhbət təkcə içməli sudan getmir. Bu sərəncam, həmçinin sudan daha çox istifadə edən istehsal müəssisələrinin qənaət etməsinə səbəb olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay