İdxalı artan kərə yağı niyə bahalaşır?
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
İdxalla yanaşı yerlərdə qiymətlər də artıb. Beləki, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.
Ümumilikdə, isə kərə yağının bir kiloqramı 20 manat ətrafında dəyişir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət artımı gözlənilən idi:
“Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycanda heyvanların sayı ilbəil azalır.Bu səbəbdən də kərə yağı emalı da getdikcə zəifləyir. Ona görə də əhalinin heyvandarlıq məhsullarına olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Çox təəssüf ki, dünya bazarında da davam etməkdə olan inflyasiya bu sahəni də vurub. Hazırda dünya bazarında kərə yağının qiyməti bahalaşmaqda davam edir. Bu da rəqabətin zəif olduğu Azərbaycan bazarına da birbaşa təsir edir. Ona görə də ölkəmizdə kərə yağının qiyməti son vaxtlar xeyli bahalaşıb”.
Müsahibimiz onu da qeyd edib ki, bahalaşmanın digər səbəbi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlərdir:
“Aparılan monitorinqlər sayəsində saxta kərə yağı hazırlayan çox sayda sexlər ifşa edilib. Elə sexlər oldu ki, onlarda 25-30 ton saxta kərə yağı aşkar edildi. Birdən-birə bu qədər saxta yağın dövriyyədən çıxarılması qiymətə də öz təsirini göstərir. Qiymətdəki sıçramaların da bir səbəbi budur. Ona görə də ölkəmizdə kərə yağının bahalaşması bir zərurətdir. Proses bundan sonra da davam edəcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay