"Nazirin bu çıxışını etiraf kimi qəbul etmək olar" - Ekspert
Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib ki, mayın 31-dən sonrakı tədris ilinin bitməsinə qalan son iki həftədəki səmərəlilik aşağı düşür. Nazir çıxışına əlavə olaraq bildirib ki, həmin ərəfədə sanki yay tətilinə tələsmək təəssüratı yaranır. Bu məsələni tənzimləmək və qaydasına qoymaq lazımdır.
Tədrisin istənilən səviyyədə davam etdirilməsi üçün müəllim, məktəb və direktora nə mane olur?! Məktəb rəhbərindən çox şey asılıdır. Görünən odur ki, sanki məktəbdəki təlim bir tərəfdə qalıb, inzibati işlər əsas olub. İnzibati işlə pedaqoji işə sərf olunan vaxtdan daha çox məşğul olunur. Necə edək ki, pedaqoqlarımız şagirdlərin təlimi ilə məşğul olsun. Şagirdlər dərsini və verilən tapşırıqları yaxşı öyrənirsə, bəlkə o zaman əlavə işlərlə məşğul olmaq olar. Hansısa jurnalı düz yazmaq yaxşıdır, yoxsa şagirdin nəyisə düzgün anlayıb öyrənməsini təmin etmək?!
Nazirin bu çıxışını bir etiraf kimi anlamaq olarmı? Xüsusilə məktəblərdə inzibati işlərin çoxluğunun nazirlik səviyyəsində də qəbul olunduğunu demək olar? Elm və Təhsil Nazirliyi tərəfindən tədris ilinin mayın 31-də bitməsi ilə bağlı qərar qəbul edilə bilər?
Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, Emin Əmrullayevin bu çıxışını bir etiraf kimi qəbul etmək olar:
"Ümumiyyətlə bu vaxta qədər də nazir müxtəlif məsələlərlə bağlı çox cəsarətli etiraf edib. Nazir düz vurğulayıb ki, məktəblərdə inzibati işlər həddən artıq çoxdur. Müəllimlərdən bəzi sənəd işlərini hətta yazılı tələb edən məktəb direktorları da var. Onlar deyir ki, bu səndələri biz kompüterdə yazsaq, daha asan və sürətli olar, amma məktəb rəhbərliyi bu sənədlərin əllə yazılmasını istəyir. Yəni həqiqətən də məktəbdə bürokratik işlər, kağız-kuğuz işləri var ki, bu da müəllimləri yorur və pedoqoji prosesin gedişatına mane olur. Ona görə də məktəb rəhbərlərini bu tələblərlə, onlar da öz növbəsində müəllimləri də eyni cür tələblərlə sıxışdırması lazımsızdır".
Qoşqar Məhərrəmov deyir ki, pedoqoji prosesin davamlılığı üçün 3 ay tətil müddətinin bölüşdürülməsinin tərəfdarıdır:
"Çünki 3 ay uzun müddətdir və bir ilin dörddə bir hissəsidir. Ona görə də, bu 3 ayı tədris müddətinə bölmək olar. Sadəcə bizim şüurumuza tətil müddəti belə oturub. Tədrisdən bu qədər ayrı qalmaq şagirdlər üçün yaxşı hal deyil".
Ekspert bildirib ki, dərslərin sentyabrın birində başlaması daha yaxşı olar. Çünki məktəblərimizin çoxunda kondisioner yoxdur, həm müəllimlər, həm də şagirdlər üçün maydan sonrakı günlərdə dərslər isti havaya görə çox çətin keçir. Bu dövrdə tədris prosesi çox axsayır. Uşaqların bir çoxu məktəbə gəlmir, gələnlər isə vaxt keçirmək üçün gəlir. Ona görə də məktəblər mayın 31-i yekunlaşsa, daha yaxşı olar. Tövsiyə edərdim ki, uşaqların yay tətili indiki vəziyyətdə iyunun 1-dən avqustun 31-nə qədər davam etsin. İnzibati işlərin isə istər direktor, istərsə də müəllimlərə qarşı daha da azaldılmasının tərəfdarıyam. Nə qədər çox sənəd bir o qədər çox təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay